Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

633 il əvvəl...

15 iyun 1389-cu ildə Kosovo düzündə (indiki Kosovonun paytaxtı Priştina yaxınlığında) baş verən tarixi döyüşdə Sultan Muradın başçılığı ilə Osmanlı qoşunları serb knyazı Lazarın ordusunu məğlub edib. Döyüşdən sonra Sultan Murad serb Miloş Obiliç tərəfindən sui-qəsd edilərək öldürülsə də, bu qalibiyyət Osmanlının Balkanlarda təxminən 5 əsr sürən hökmranlığının başlanğıcı oldu.

 

226 il əvvəl...

13 iyun 1796-cı ildə Azərbaycanın şimal torpaqlarına yürüş edən general V.Zubovun komandanlığı altındakı rus qoşunları Bakını ələ keçiriblər. İşğal uzun çəkmədi və II Yekaterinanın ölümündən sonra taxta çıxan oğlu I Pavel ordunu geri çağırdı. Ruslar 1797-ci ilin martında Bakını tərk etdilər. Bir neçə ildən sonra (1804) Rusiyanın Azərbaycana növbəti və bu dəfə uzunmüddətli işğalçılıq yürüşü başladı.

 

216 il əvvəl...

12 iyun 1806-cı ildə Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahimxəlil xan Cavanşir ailə üzvləri və yaxınları ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilib. Mayor Lisaneviçin dəstəsi xanın çadırlarına basqın edərək ümumilikdə 17 nəfəri öldürüb. Ruslar bir il öncə (14 may 1805) Qarabağ xanı ilə bağlanan Kürəkçay müqaviləsinə belə “əməl” etdilər.

 

103 il əvvəl...

14 iyun 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə hərbi vəziyyət elan edib. Baş nazir Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsinə (11 iyunda yaradılmışdı) Muğandakı bolşevik təmayüllü qiyamı və ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarını yatırmaq üçün fövqəladə səlahiyyətlər verilib.

 

102 il əvvəl...

12 iyun 1920-ci ildə Panama kanalının açılışı olub. Cənubi və Şimali Amerikanı ayıran kanalın tikintisi hələ XVI əsrdə gündəmə gəlmişdi. 1901-ci ildə Panamanı Kolumbiyanın əlindən alan ABŞ Britaniya ilə birlikdə kanalın tikintisinə başlayıb. 81,6 kilometr uzunluğunda olan kanal yalnız 1990-cı illərdə Panama dövlətinin nəzarətinə verildi.

 

88 il əvvəl...

13 iyun 1934-cü ildə Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. İyunun 17-dək davam edən qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək yazıçılar ayrı-ayrı ədəbi birliklərdə fəaliyyət göstərirdilər.

 

82 il əvvəl...

15 iyun 1940-cı ildə sovet qoşunları Baltikyanı ölkələrə daxil olub. Üç gün sürən anneksiya əməliyyatı Latviya, Litva və Estoniyanın SSRİ-yə birləşdirilməsi ilə nəticələndi. İşğal bir il öncə (23 avqust 1939) Almaniya ilə SSRİ arasında bağlanmış məxfi sazişə (“Molotov-Ribbentrop paktı”) əsasən həyata keçirilmişdi.

76 il əvvəl...

14 iyun 1946-cı ildə Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib. 1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən sol təmayüllü Pişəvəri hökumətinə bölgədəki sovet qoşunları tərəfindən dəstək vardı. Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı İran şah rejimi tərəfindən repressiyalar başlandı. Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında (1947) həlak oldu.

 

29 il əvvəl...

15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. Prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilib. Parlamentdə çıxış edən Heydər Əliyev Azərbaycanı ağır böhrandan çıxarmaq üçün əlindən gələni edəcəyini bildirib. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni dövrün başlanğıcı oldu. 1997-ci ildə (27 iyun) Milli Məclis 15 iyunu Milli Qurtuluş Günü elan etdi.

 

27 il əvvəl...

14 iyun 1995-ci ildə Şamil Basayevin başçılığı ilə çeçen dəstələri Stavropol diyarının Budyonnovsk şəhərinə hücum edərək yüzlərlə sakini girov götürüblər. Rusiya federal qüvvələri onları zərərsizləşdirməyə çalışsalar da, qırğının qarşısını almaq mümkün olmayıb. 150-dən çox adam həlak olub. Dəstəsi şəhəri tərk etməyə müvəffəq olan Ş.Basayev 2006-cı ildə öldürüldü.

Hazırladı: V.Orxan