Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Almaniyada işıq üzü görmüş “Leyli və Məcnun” əsəri Frankfurt şəhərindəki “Veltenlezer” kitab evində təqdim olunub. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr edilib.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, tədbiri giriş sözü ilə tanınmış alim, Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman açaraq Nizami Gəncəvinin zəngin ədəbi irsindən, dünya ədəbiyyatına bəxş etdiyi əsərlərin dərin fəlsəfəsindən danışıb.

Mayns Universitetinin professoru, tanınmış türkoloq-alim Hendrik Boeshoten Nizami yaradıcılığının özünəməxsusluğu, ideya və məna aktuallığı baxımından bu günlə səsləşməsi barədə fikirlərini açıqlayıb və tədbir iştirakçılarının mövzu ilə əlaqədar suallarını cavablandırıb.

Naşir Hans Jürgen Maurer çıxışında dahi şairin milli mənsubiyyəti ilə bağlı əsl həqiqətlərin dünyaya yayılmasında bu səpkili layihələrin əhəmiyyətini qeyd edib: “Əsl həqiqət isə ondan ibarətdir ki, Nizami Azərbaycanın hazırda ikinci böyük şəhəri olan Gəncədə anadan olub, heç vaxt doğma şəhərindən kənara çıxmayıb, yalnız orada yazıb-yaradıb və elə Gəncədə də dəfn olunub. Mən özüm də Azərbaycanda olarkən dahi şairin Gəncədəki məqbərəsini ziyarət etmişəm”.

Tədbirin sonunda alman aktyor Stefan Bittoun “Leyli və Məcnun” poemasından parçalar söyləyib.

“Leyli və Məcnun” poemasını alman dilinə tanınmış mütərcim Rudolf Qelpke tərcümə edib. Lakin ilk dəfə 1963-cü ildə Sürixdə işıq üzü görmüş kitabda əsərin müəllifi “fars şairi” kimi qeyd olunub. Əsərin 2021-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Almaniyada işıq üzü görmüş yeni nəşri ilə “Leyli və Məcnun” alman oxucu auditoriyasına Azərbaycan şairi Nizaminin əsəri olaraq təqdim edilib.