Ölkəmizin animasiya filmləri tarixində ilk dəfə “Qarınqulu” adlı tammetrajlı animasiya filmi təqdim ediləcək. Bu barədə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev məlumat verib.

Ölkəmizdə uşaq filmlərinin istehsalının daha çox diqqətdə saxlanılmasının vacibliyindən danışan R.Əliyev bu sahəyə yeni mütəxəssislərin cəlb edilərək bütün istehsalat prosesinin Azərbaycanda aparılmasının prioritet məsələ olduğunu vurğulayıb: “Animasiya filmlərinin hazırlanması prosesində texniki imkanlar Azərbaycanda istədiyimiz kimi olmadığına görə biz bu işi tamamlamaq üçün layihəni xarici ölkələrə göndərməli oluruq. Amma məqsədimiz bu işi tam olaraq Azərbaycanda təşkil etməkdir”.

Sektor müdiri hazırda animasiya sahəsi üzrə ölkəmizdə 20-yə yaxın peşəkar mütəxəssisin olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda “Qarınqulu” tammetrajlı animasiya filmi ilə bağlı müvafiq işlər görülür: “Layihə davam etdikcə, bu prosesdə iştirak edənlərin sayı daha da artacaq. Ümid edirəm ki, bu, ölkəmizdə müvəffəqiyyətli layihə olacaq və həmçinin filmi tanınmış aktyorlarımız səsləndirəcək”.