Nizami Kino Mərkəzində “Azərbaycan Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə sayca dördüncü dəfə “Golden Kids Awards – 2022” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib.

“Azərbaycan Könüllüləri” İctimai Birliyinin (AKİB) prezidenti İmaməddin Quliyev layihənin istedadlı uşaqlar və gənclər üçün motivasiya xarakteri daşıdığını vurğulayaraq iştirakçılara yeni uğurlar arzulayıb.

AKİB-nin Mədəniyyət və incəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli də layihənin “Şuşa İli” çərçivəsində keçirildiyini vurğulayaraq hər kəsə öz təşəkkürünü bildirib.

Qala-gecənin aparıcıları Ceyhun Həsənli və Elnarə Sadıqova 22 nominasiya üzrə mükafatları təqdim etmək üçün qonaqları və qalibləri səhnəyə dəvət edib. Mükafatlandırma mərasimində Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin əməkdaşları, dövlət və QHT nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

AKİB-nin Mədəniyyət və incəsənət departamentinin təsis etdiyi “Golden Kids Awards” müsabiqəsi 2018-ci ildən keçirilir. Layihənin məqsədi 5-16 yaşadək uşaq və gənclərin yaradıcı inkişafına, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.