“Tarix yalnız xronologiya üçün deyil, həm də öyrənib ibrət almaq üçündür”

 

İyunun 8-də Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdirdiyi ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirə moderatorluq edən akademik Rafael Hüseynov bildirib ki, təqdimat mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Bir xalqın tarixində onun istiqlalı ən mühüm məsələdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyətin qurucuları çox istəyirdilər ki, istiqlalımız əbədi olsun. Cümhuriyyət hökuməti cəmi 23 il yaşadı. Azərbaycan xalqı 70 il müstəqillik həsrəti ilə yaşadı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması 1993-cü ildə respublikanın siyasi rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün oldu. Rafael Hüseynov Azərbaycanın bu gün dünyada nüfuz qazanmasında Prezident İlham Əliyevin fəaliyyətini xüsusi vurğulayıb.

Akademik təqdimatı keçirilən kitabın ərsəyə gəlməsini Bakı Dövlət Universitetinin böyük uğuru kimi dəyərləndirib.

Tədbirdə çıxış edən BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev müstəqil Azərbaycan Respublikasının tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən nəşrin elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini bildirib.

Rektor vurğulayıb ki, ötən əsrin 90-cı illərində əldə edilən dövlət müstəqilliyi hər birimiz üçün ən böyük sərvətdir. Azərbaycan dövləti xüsusilə müstəqilliyin ilk illərində kifayət qədər çətin və keşməkeşli mərhələlərdən keçərək, dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoyub, iri regional layihələrin təşəbbüskarına, əsas icraçısına çevrilib.  Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etməsi Azərbaycanın regionda və dünyada nüfuzunu daha da yüksəldib.

BDU-nun rektoru daha sonra deyib: “Ulu öndər Heydər Əliyev hər zaman tariximizin obyektiv, etibarlı mənbələr əsasında, ciddi tarixşünaslar tərəfindən yazılmasını vacib hesab edirdi. Müdrik siyasətçi bu istiqamətdə elm və təhsil ictimaiyyətinin qarşısında mühüm vəzifələr qoyub, prioritet hədəflər müəyyənləşdirmişdi. Ümid edirik ki, iki cilddə nəşr olunan “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabı həmin vəzifələrin yerinə yetirilməsinə böyük töhfələr verəcək. Kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi olduqca əlamətdar və qürurvericidir. Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətli inkişafına, xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan bu kitab tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Xoşbəxtik ki, BDU-nun nəşr etdiyi bu kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir...”.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov diqqətə çatdırıb ki, müasir Azərbaycanın tarixi vətəndaşların, xüsusən gənclərin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bir ildən bir qədər çoxdur ki, Azərbaycan tarixi Qələbə qazanıb, torpaqlarını işğaldan azad edib. Bütün bunların kitabda yer alması, gənclərin bunları öyrənməsi vacibdir.

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun kafedra müdiri, professor Hicran Hüseynova, Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, akademik Nizami Cəfərov, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı kitabın əhəmiyyətindən bəhs ediblər. Nəşrin xarici dillərə tərcümə olunmasının, təhsil müəssisələrində tədris  edilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda çıxış edən kitabın müəllifi – tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı nəşrin ərsəyə gəlməsində dəstəyə görə BDU rəhbərliyinə təşəkkür edib. Bildirib ki, tarix yalnız xronologiya üçün deyil, həm də öyrənib ibrət almaq üçündür.