Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının heyəti 1-5 iyun tarixində Gürcüstanda səfərdə olub. Tbilisidə beynəlxalq teatr festivalında iştirak məqsədilə reallaşan səfər qarşılıqlı yaradıcılıq əlaqələrinin perspektivləri baxımından da məhsuldar olub.

Səfər zamanı Gürcüstan Dövlət Kukla Teatrları Birliyi ilə Azərbaycan Dövlət Kukla Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Birliyin bədii rəhbəri, Gürcüstanın tanınmış teatr mütəxəssisi Nikoloz Sabaşvili ilə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Kukla Teatrları İttifaqı – UNİMA-nın Milli Mərkəzinin rəhbəri Rəşad Əhmədzadənin imzaladığı sənəd işbirliyi üçün mühüm zəmin yaradır.

Sənəddə müştərək layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, ustad dərslərinin təşkili, spesifik istiqamətlərdə qısamüddətli təlimlərin keçirilməsi və s. məsələlər nəzərdə tutulub.