Rejissor Fariz Əhmədovun “Sonuncu” sənədli filmi Rusiya Federasiyasının Çeboksarı şəhərində (Çuvaşiya Respublikası) keçirilən 15-ci Beynəlxalq Kino Festivalında qısametrajlı filmlər üzrə müsabiqədə baş mükafata layiq görülüb.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin quruluşçu operatoru polşalı kinematoqrafçı Mateuş Çuxnovskidir. Film Xəzərdəki Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir.

“Sonuncu” sənədli filmi ötən il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra müxtəlif ölkələrdə festivallarda nümayiş olunub. Ekran əsəri Bosniya və Herseqovinada keçirilən 15-ci “Jahorina Film Festivalı”nda “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (“Qızıl ağcaqayın”), Polşada “OFF CİNEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bronze Castle” (“Bürünc qəsr”) mükafatlarına layiq görülüb.

Onu da qeyd edək ki, Çeboksarı festivalında tammetrajlı filmlər üzrə müsabiqənin münsiflər heyətinə azərbaycanlı kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi  Ayaz Salayev sədrlik edib.