Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsinin II kurs TKA “B” qrupu tələbələrinin iştirakı ilə iyunun 12-də Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” tamaşası nümayiş etdirilib.

Sovet İttifaqının dağıldığı dövrdə insanların çaşqınlığından, Azərbaycan cəmiyyətində yaşanan proseslərdən bəhs edən tamaşaya fakültənin kurs  rəhbəri, Əməkdar artist, dosent Yaqut Paşazadə quruluş verib.

Tamaşadan öncə teatrın direktoru Tofiq Heydərov çıxış edərək tələbə aktyorları salamlayıb və aprel ayında ADMİU-nun rektoru Ceyran Mahmudova, eləcə də universitetin müəllim-tələbə heyəti ilə keçirdiyi görüş barədə danışıb. Bildirib ki, universitet tələbələrinin Lənkəran səhnəsində oynadıqları tamaşa həmin görüşün bir nəticəsidir.

Kurs rəhbəri Yaqut Paşazadə xoş və səmimi münasibətə görə Lənkəran teatrının rəhbərliyinə və kollektivinə, lənkəranlı tamaşaçılara minnətdarlığını ifadə edib.

Sonra “Mənim sevimli dəlim” tamaşası təqdim olunub.  Səhnə əsərində Elşad Şirinov, Könül Nəzərova, Yusif İsmayılov, Zeynəb Əliyeva, Nicat İsgəndərov, Briliyant Zeynalova, Əsmər İsmayılzadə, Nərmin Quliyeva, Anar Həsənzadə, Abbas Qənbərov, Səbinə Hüseynova, Ləman Səlimova, Fidan Ağazadə, Əli Əsədov və Aydan Məhərrəmova çıxış ediblər.

Tələbə-aktyorlar səfər zamanı Lənkəran teatrındakı şəraitlə də yaxından tanış olublar.