Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində Vyanada türk yazıçısı Ömər Seyfəddinin (1884-1920) “Hekayələr” kitabı alman dilində təqdim edilib. Fondun, Azərbaycanın və Türkiyənin Avstriyadakı səfirliklərinin birgə təşkil etdiyi təqdimat Vyana Yunus Əmrə İnstitutunda keçirilib.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun, Vyana Yunus Əmrə İnstitutunun rəhbəri Ayşe Yorulmaz, araşdırmaçı-yazar Orxan Aras, Türkiyənin Erciyes Universitetinin professoru Hülya Argünşah və başqaları iştirak ediblər.

Səfir Ozan Ceyhun bildirib ki, türk ədəbiyyatının inkişafına əhəmiyyətli töhfələr verən Ömər Seyfəddin qısa hekayələr janrının önəmli imzalarından biridir və Türkiyənin imperatorluqdan cümhuriyyətə keçid dönəmində milli dildə ədəbiyyatın formalaşmasında onun xüsusi rolu olub.

Günay Əfəndiyeva öz çıxışında avstriyalı oxucuları Türk dünyasını birləşdirən ədəbi incilərlə görüşdürdüklərini diqqətə çatdırıb. Fondun prezidenti Ömər Seyfəddinin əsərləri və ümumiyyətlə, ədəbi fəaliyyəti ilə türk dilinin özləşməsinə çalışdığını, türkçülük axınının qurucu və öncüllərindən biri olduğunu qeyd edib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən də danışan Günay Əfəndiyeva təşkilatın məqsədinin türk xalqlarının tarixini, adət-ənənələrini, musiqisini, ədəbiyyatını, incəsənətini – ümumiyyətlə, mədəni irsini qorumaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək olduğunu vurğulayıb.

Uzun illər Almaniyada yaşayan araşdırmaçı yazar Orxan Aras, tərcüməçi German Kohl, Ömər Seyfəddinlə bağlı elmi məqalələri ilə tanınan professor Hülya Argünşah görkəmli yazıçının cəmi 36 il yaşamasına baxmayaraq, türk ədəbiyyatına böyük töhfələr verdiyini qeyd edib, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk ədəbiyyatının Avropada tanıdılması yönündə çalışmalarını yüksək qiymətləndiriblər.

Fondun təşəbbüsü ilə TRT tərəfindən çəkilmiş Ömər Seyfəddinin həyat və yaradıcılığına dair sənədli film göstərilib.

Sonda Azərbaycanın Xalq artisti Mehriban Zəki qopuzda ifa edərək şeirlər söyləyib.

Xatırladaq ki, bundan öncə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı layihəsi üzrə Vyanada almanca nəşr olunmuş “Azərbaycan qadın şairlərinin poeziya antologiyası”nın təqdimatı olmuşdu.