Yaxud sənət həm də zəhmət istəyir...

 

Bütün insanların musiqiyə ehtiyacı var. Bu ehtiyac bəlkə də insan yaranandan mövcuddur. İllər ötür, amma sevdiyimiz melodiyalar mahnılar bizimlə qalır. Bunu bizə bəxş edən bəstəkarlardır. Onların yeddi notdan yaratdıqları möcüzələr qəlbimizdə iz salır, ən kədərli və sevincli anlarımızda duyğularımıza tərcüman olur...

Tanınmış bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü Faiq Sücəddinov da hisslərimizə həmdəm olan mahnılar müəllifidir. Sənətkar iyunun 14-də 75 illik yubileyini qeyd etdi.

Faiq Sücəddinovun nəğmələri kənar sifarişdən deyil, daxili tələbatdan, istedadının diktəsi olan əsərlərdir. O, musiqiyə formal yanaşmır. Bəstəkarın mahnıları ruha toxunan şeirlə melodiyanın vəhdətidir. Bəzən siz mahnıya qulaq asırsınız və o, sadə, uyğunsuz sözlər toplusuna bənzəyir. Belə əsərlər geniş yayıla, ictimaiyyət tərəfindən sevilə bilməz. O isə mahnıda sözü əsas hesab edir. Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri, Fikrət Qoca, Baba Vəziroğlunun sözlərinə yazdığı mahnılar hər zaman populyar olub. Çünki musiqi qədər sözlərə də həssas yanaşıb. Məharət, istedad və ruhun ən səmimi hissləri bir araya gələndə bu mahnını ifa edən sənətçilərin taleyində də hadisəyə çevrilir, yeni yol açır.

Bəstəkarın yüksək zövq və qaynar vətənpərvərlik xarakteri ilə dolu çoxlu mahnıları var. Musiqişünas Leyla Zöhrabova onun haqqında yazır: “Faiq Sücəddinovun əsərlərinin populyar olması hər şeydən əvvəl onun melodiyasının gözəlliyindədir. Axı, hər bir əsərin əsasında melodiya durur. Məhz Faiq Sücəddinovun əsərlərinin də əsasını füsunkar, öz gözəlliyi ilə seçilən melodiya təşkil edir. Bəli, gözəl melodiya insanın ruhunu oxşayaraq onu yaşamağa, sevməyə sövq edir. Burada böyük rus bəstəkarı D.Şostakoviçin sözləri yada düşür: “Melodiya fikir, hərəkət, musiqi əsərinin ürəyi deməkdir”.

Bəstəkarın dünyagörüşü də xüsusidir. Yaralı qəlblərin gizli mənasına bəlkə də ancaq bəstəkar nüfuz edə bilər. O, melodiyanın şahıdır! Faiq Sücəddinovun melodiyaları dərhal tanınır. Allah sizə yüksək musiqi duyumu bəxş etməsə də, yenə ruhunuzun dərinliklərində “Əgər məni unutsan”, “Ana torpaq”, “Ay sevgilim”, “Vətəndən pay olmayır”, “Nəğmə olmaq istəyirəm, ay ana” mahnılarının möhtəşəm motivlərini daxilən belə oxumağa əmin olacaqsınız. Bəstəkarın mahnı yaradıcılığında Rəşid Behbudov, Gülağa Məmmədov, Akif İslamzadə, Firəngiz Rəhimbəyova, Nisə Qasımova, İlhamə Quliyeva, Flora Kərimova ilə başlanan əməkdaşlığı bu gün gənc nəsil ifaçılarla davam edir. Röyanın ifasında “Düşürsən tez-tez yada”, Zamiqin oxuduğu “Kaman”, Rəvanə Qurbanovanın ifasında “Sənə yarım dedim” sevilir, dinlənilir. Ona görə ki, bu musiqilərdə həyat eşqi, gənclik təravəti, işıqlı və zəngin emosiyalar, qəlboxşayan hisslər var.

Eyni zamanda virtuoz pianoçu olan Faiq Sücəddinov fortepiano üçün əsərləri (pyeslər, ballada, vals, vals-fantaziya, rəqs nömrələri) ilə də tanınır və sevilir. Bəstəkarın piano və simfonik orkestr üçün konserti, piano və kamera orkestri üçün konserti, xor və simfonik orkestr üçün “Atatürk” odası, müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları, “Mən dəyərəm min cavana” operettası, kamera orkestri üçün “Tokkata” və s. əsərləri yaradıcılığının zənginliyindən xəbər verir. Bəstəkarın doğma yurda sevgisini “Vətən” balladasında, mavigözlü dənizin füsunkarlığını “Xəzərin ləpələri”ndə, paytaxtın əsrarəngizliyini “Yeni Bakı” əsərlərində duymaq olur.

 

Sənət ilham pərisini gözləmir...

 

Yubileyi ərəfəsində bəstəkarla həmsöhbət olub, bugünkü yaradıcılıq fəaliyyətinə qısa nəzər saldıq.

 

– Faiq müəllim, müsahibələrinizdən birində deyirsiniz ki, uşaq vaxtı saatlarla piano arxasında olanda fikrim küçədə futbol oynayan uşaqlarda qalardı... Həmin illərə qayıtsaydınız, nəyisə dəyişmək istərdinizmi?

– Təbii ki, uşaq öz uşaqlığını yaşamalıdır. Amma məşhur dirijorlardan hansısa deyib ki, hər bir uşaq musiqi ilə məşğul olmağa başlayanda o, sanki uşaqlığını itirir. O, bütövlüklə böyük musiqi aləminə daxil olur və uşaqlığını yalnız musiqiyə sərf edir. Təbii ki, sənətdə istedad başlıca şərtdir. Eyni zamanda sənət onunla saatlarla məşğul olmağı sevir. Çox əziyyətli və çox vaxt tələb edən sənətdir musiqi. Hətta kiçik həcmli əsər yazdığım zaman onu bir-iki gün öz süzgəcimdən keçirirəm. Bəlkə bir həftədən sonra onu işləməyə başlayıram.

 

– Qəlb süzgəcindən keçən yeni bir əsəriniz varmı?

– Ötən il “Zəfər” simfonik poemasını yazdım. Əsər Qələbəmizin birinci ildönümündə səsləndi. İnanın, günlərlə, həftələrlə yazıb-pozurdum. Hətta gecənin bir aləmində də oyanıb qeydlər edirdim. Nəhayət, əsər ortaya çıxdı.

 

– Sənət olandan sonra ilham pərisi olmur deyirsiniz...

– Sənət elə bir anlamdır ki, o ilham pərisini gözləmir. Bu sənətdir, sənin işindir, həyatındır. O, dağ mehini, çayların, şəlalələrin səsini gözləyib dura bilməz. Sənət həm də zəhmət istəyir. Sən əgər yazmalısansa, mütləq yazmalısan. Hətta ən ekstremal şəraitdə belə. Bəxtiyar Vahabzadə deyirdi ki, mənim hər otağımda dəftərim, qələmim, pozanım var. Mənim də maşınımda not dəftərim və qələmim var. Səs-küyə, şəraitsizliyə baxmayaraq, sənət hər yerdə sənətdir.

 

– Yubileyinizi necə qeyd edəcəksiniz?

– Mən, ümumiyyətlə, ad günlərini sevən insan deyiləm. Ailəm çərçivəsində qeyd edirəm. Yaş şərtidir. 75 illiyim, təbii ki, hesabat rəqəmidir. Noyabr ayında Heydər Əliyev Sarayında konsert verməyi planlaşdırıram. Simfonik orkestr, xor əsərlərim səslənəcək. Bu günlərdə “Şuşa” oratoriyamı bitirdim. Bundan əlavə, “Zəfər” simfonik poemam, xor kapellası üçün yazdığım “Azərbaycan rəqs inciləri” və romanslar. Konsertin ikinci hissəsində isə mahnılarım ifa ediləcək.

 

– “Mədəniyyət” qəzetinin kollektivi adından yubileyinizi təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

– Çox sağ olun. Diqqətinizə görə minnətdaram.

Lalə Azəri