İyunun 14-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində qəhrəman tankçı, şəhid leytenant, şair Murad Nağıyevə həsr edilən “Murad” adlı kitabın təqdimatı keçirilib. “Təhsil” nəşriyyatında işıq üzü görən kitabın tərtibçisi Banu Hümbətli, Sərxan Nağıyev, redaktoru İbrahim İlyaslıdır.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı İslam Hüseynov, “Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov və başqa qonaqlar iştirak ediblər.

Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova Vətən müharibəsi şəhidir Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs edən kitab haqqında məlumat verib. Diqqətə çatdırıb ki, kitabda Murad Nağıyevin qələmə aldığı şeirlər də oxuculara təqdim olunur.

Şəhidin döyüş yoldaşı olmuş baş leytenant Namiq Səfərov bildirib ki, Murad Nağıyev Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərində döyüşlərdə qəhrəmanlıq göstərib. 2020-ci il oktyabrın 11-də Cəbrayıl rayonu ərazisində döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə daha sonra kitabın redaktoru İbrahim İlyaslı, Murad Nağıyevin təhsil aldığı 271 saylı orta məktəbin direktor müavini Rüxsarə Əlizadə, aktyor Kamran Ağabalayev, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı və şəhidin ailə üzvləri çıxış ediblər.

Ağdam Muğam məktəbi şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” səslənib. Respublika Uşaq Kitabxanasının əməkdaşları kitabdan şəhid Murad Nağıyevin şeirlərini oxuyublar.

S.Fərəcov