Mədəniyyət naziri Anar Kərimov iyunun 16-da Beyləqana səfəri zamanı rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlığın və təşəbbüskarlığın artırılmasının vacibliyini qeyd edən Anar Kərimov nazirlik sistemində idarəçiliyin təkmilləşdirilməsi kontekstində mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasının prioritet məsələ olduğunu diqqətə çatdırıb.

Nazir problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.