Günümüzün milli teatr sənətindən söz açılarkən ötən əsrin ortalarının qızıl dövrü, teatrın yeni texnologiyalar rəqabətdə uduzması kimi nostalji notlara köklənmələr çox olur. Hərçənd bu təkcə bizimlə bağlı məsələ deyil və ümumən bütün dünyada teatrla bağlı vəziyyət bu cür dəyərləndirilir. Daha çox istinad etdiyimiz, daha doğrusu, proses olaraq eyni sistemdən bəhrələnən Rusiya teatrında da. Sadəcə, zamanla ayaqlaşan, onun tələblərini duyan və adekvat reaksiyalar verə bilən teatr modeli formalaşmalıdır. Bunu Rusiyadan gələn həmvətənimiz, iki gün ərzində söz-sovu teatr olan Timur Bədəlbəyli də dedi...

16 və 17 iyun tarixində Mədəniyyət Nazirliyinin və YARAT Müasir İncəsənət Məkanının birgə layihəsi olan “Mədəni yenilənmə” layihəsi çərçivəsində növbəti yaradıcılıq görüşü reallaşdı. Bu dəfə sənətsevərlər Azərbaycanın və Rusiyanın Əməkdar artisti, aktyor, rejissor Timur Bədəlbəyli ilə yaxından tanış olmaq, təcrübəsi, keçdiyi sənət yolu barədə məlumat almaq imkanı qazandılar.

Timur Bədəlbəyli Boris Şukin adına Moskva Ali Teatr Məktəbinin (Yuri Lyubimovun kursu) məzunudur. Təhsilini bitirdikdən sonra Moskva Taqanka Teatrına dəvət olunur və tez bir zamanda truppanın aparıcı aktyoruna çevrilir. Kinoda da aktiv fəaliyyət göstərir, 20-dən çox filmdə çəkilib.

Maraqlı düşüncə tərzi və oyun üslubu olan aktyor-rejissor bakılı teatrsevərlərlə yaradıcılıq görüşünə də dolğun proqramla gəlmişdi.

Səmimi və maraqlı anlarla yadda qalan ilk görüş günü sənət yolu, çalışdığı teatrlar və aktyor kimi yaradıcılığına qatdığı özünəməxsus çalarlardan söz açdı. Həmçinin aparıcısı olduğu “Böyük mistifikasiyalar” sənədli filmlər silsiləsinin bir buraxılışı da nümayiş olundu. Ardınca tamaşaçıları, daha çox da dostları ilə dialoqları sayəsində onunla görüşə gələnlərə yeni dövrün teatrı barədə danışdı. Gitarada solo ifaları ilə gecəyə fərqli ovqat da qatmağa çalışdı.

Beləcə, hər iki günü qonaqlar, xüsusən sənətdə ilk addımlarını atan gənc rejissor və aktyorlar üçün maraqlı, məhsuldar, dinamik etməyə çalışdı. Həmçinin aktyor və rejissorlar üçün “Dünya teatr reformatoru Yuri Lyubimovun yaradıcılıq metodu”, “Şərti total teatr və “sintetik” aktyorun tərbiyəsi” mövzularında ustad dərsi də verdi. Iştirakçıların daha çox marağına səbəb olan “Sintetik” aktyorun tərbiyəsi” mövzusu ətrafında fərqli istiqamətlərdə bilgilərini bölüşdü.

Müəllif teatrı və postmodern teatrın perspektivləri də görüşün əsas müzakirə mövzularından idi.

Söhbət zamanı Azərbaycana bağlılığı, Bakı sevgisindən də söz açdı: “Mən Moskvada multikultural ailədə anadan olmuşam və uşaqlıqda məni Azərbaycana gətiriblər, burada onun mədəniyyətinin müxtəlif aspektlərini öyrənmişəm. Bu, əlbəttə ki, mənə yaxındır və mən bunu doğma kimi qəbul edirəm. Azərbaycan mədəniyyətinə, dilinə sevgim, bağlılığım var. Düzdür, bu dildə  o qədər də danışa bilmirəm. Amma buna cəhd edirəm.

Onda da, indi də Bakıya heyran olmuşam. Xüsusən indisinə, bu başdan-başa dəyişən və müasirləşən halına. Qəribə bir energetikası var Bakının. Burada həm Şərq, həm də Qərb elə orqanik, elə səssiz görüşür ki, ayırd edə bilmirsən”.

Qonaqların, xüsusən ondan nə isə öyrənmək üçün durmadan maraqlı suallar verən gənclərlə fikir mübadiləsi, ortaq mövzularda dialoqa meyl edən aktyorun əsas tövsiyəsi, təbii ki, çox mütaliə və sistemli təhsil ilə bağlı oldu.

Orta təhsili Moskvada xüsusi fransız məktəbində alan, ardınca Yuri Lyubimovun kursu ilə Şukin Teatr Məktəbinə daxil olan və Taqanka Teatrında aktyor kimi çalışan qonaq bu yolun elə də asan olmadığını dedi. Çox işləmək, özünü realizə etmək üçün sənətə, peşəyə sevgini ön plana çıxardı. Məhz bu sayədə çalışdığı teatrın truppasının aparıcı aktyoru olduğunu və uzun illərdən sonra özünü rejissor kimi də sınadığını bildirdi. Dolayısı ilə, yaxşı rejissorun da məhz aktyor truppasında formalaşa biləcəyini, rejissuranın nəzəriyyədən çox aktyor, səhnə ilə işdən başladığını diqqətə çatdırdı.

Məşhur teatr islahatçısı, özünə ustad hesab etdiyi Yuri Lyubimovun yaradıcılıq üsulu barəsində də bilgilərini bölüşən Timur Bədəlbəyli daha çox obraz üzərində iş, aktyorun improvizə imkanları və dramaturji material üzərində aktyorla rejissorun birgə “oxusunu” gözdən keçirdi.

Tamaşaçılar üçün xüsusilə maraq doğuran “müəllif teatrı” mövzusu və postmodern teatrın perspektivləri ətrafında da danışan qonaq bu teatrın uzunömürlü olmasının hazırkı durumda o qədər də real görünmədiyini dedi. Üstəlik, heç də hər rejissorun bu imkana, yaradıcılıq baxımdan mükəmməlliyə çatmadığını vurğuladı.

“Siyasi teatr” anlayışı, dövlətin, ümumən cəmiyyətin onun cəsarətinə münasibəti də görüşün müzakirə mövzularından oldu. Yaxın illərdə bununla bağlı indi komik görünən ağır xatirələrini də bölüşən qonaq yaradıcılıq sərbəstliyinin bütün hallarda bəşəri həqiqətlərə və böyük sənətə söykənməli olduğunu bildirdi.

Teatr marketinqi və menecmenti, müasir teatrın təbliğatı problemləri, teatrın yaradıcı təşkilat kimi direktor və baş rejissor idarəetməsində vəzifə bölgüsü kimi məsələlərə də toxunan Timur Bədəlbəyli sənətə gələn gənclərə tövsiyələrini də  verdi. Teatr mütəxəssisi xüsusən poeziya, şeir üzərində məşqlərin aktyorların nitq vərdişləri və obrazlarına inteqrasiyasında mühüm əhəmiyyət kəsb etdiyini dedi. Bu sayədə aktyorun  fərqli mətn və ona uyğun vəziyyətlərə sürətli gedişlərdə tempini qorumaq şansı qazandığını və digər tərəfdən bölgü – mətn və mizan üzərində tarazlığı saxlaya biləcəyini bildirdi.

Bu günün rejissurasının mizan vermək və dramaturji mətnə görə səhnədə plan qurmaqdan başqa bir formaya keçdiyini və heç də hər quruluşçunun bu yeniliyi asanlıqla reallaşdıra bilmədiyini, problem kimi aktyor-rejissor əməkdaşlığının zəifliyini önə çəkdi. Klassik, yoxsa avanqard teatr dilemmasında isə daim klassikanın yaşayacağını və digər formaların yalnız ona əsaslandığı təqdirdə uğur qazanacağını da qətiyyətlə dilə gətirdi.

Beləcə, şəxsi təcrübəsindən və öyrəndiklərindən onu dinləməyə gələnlərə də nə isə izah etməyə, az da olsa, məlumatlarını zənginləşdirməyə cəhd etdi.

Xatırladaq ki, Timur Bədəlbəyli otuz ilə yaxın yaradıcılıq fəaliyyəti dövründə təkcə teatrda deyil, həm də filmlərdə, seriallarda oynadığı rollarla yadda qalıb. O, Azərbaycanda “Kabusun gözü ilə”, “Qorxma, mən səninləyəm! 1919”, “Əlvida, cənub şəhəri” kimi filmlərdə rol alıb. “Əlvida, cənub şəhəri” filmindəki (ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor Oleq Səfərəliyev) roluna (Alik) görə “Şərq-Qərb” Beynəlxalq Film Festivalının (Bakı, 2006) və Batumi Beynəlxalq Arthaus Filmləri Festivalının (2007) mükafatlarına layiq görülüb. Moskvada Yuri Lyubimov adına Teatr Sənətinin İnkişafı Xeyriyyə Fonduna da rəhbərlik edir.

Həmidə Nizamiqızı