Bərdə RMİ Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Şirvanlı kənd Folklor evinin təşkilatçılığı ilə XVIII-XIX əsrlərə aid Şirvanlı hamamının ətrafında tədbir-sərgi keçirilib. Tədbir iştirakçıları əvvəlcə hamam binası ilə tanış olublar. RMİ-nin rəisi Vəsilə Möhsümova əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə keçirilən bu cür tədbirləri yüksək qiymətləndirib. Tədbirdə qədim əşyalar, əl işləri, kitab sərgisi təşkil edilib, Folklor evində dram dərnəyi üzvlərinin hazırladığı “Qaravəlli” tamaşası maraqla qarşılanıb.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Azərbaycan dramaturgiyasının banisi – Mirzə Fətəli Axundzadə” başlığı altında tədbir təşkil olunub. Şöbənin kitabxanaçısı Kifayət Sadıqova oxuculara yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Sonda oxucular M.F.Axundzadənin əsərlərindən parçalar söyləyib və ədibin kitabxananın fondunda olan əsərləri ilə tanış olublar.

RMİ-nin əhatə etdiyi Samux rayon Mədəniyyət Mərkəzində “İnsan alverinə yox deyək!” adlı tədbir təşkil olunub. Mərkəzin direktor vəzifəsini icra edən Arif Məmişov çıxış edərək insan alverinə qarşı ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıb.

***

Lənkəran RMİ Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Sumqayıt RMİ Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbində konsert proqramı ilə çıxış edib. Konsertdən əvvəl Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, Xırdalan şəhər Musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov və Lənkəran şəhər 1 nömrəli Musiqi məktəbinin direktoru Camal Həsənov bu cür görüşlərin əhəmiyyətindən söz açıblar. Lənkəran məktəbinin “Əziz Şuşa, sən azadsan!” adlı konsert proqramı maraqla qarşılanıb.

***

Ağdaş RMİ-nin əhatə etdiyi Ucar Rayon Tarix-Diyarşünaslıq Muzeyində böyük şair və maarif xadimi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş “Sabir və satira” adlı dəyirmi masa təşkil edilib. Tədbirdə muzeyin kollektivi və Ucar Gənclər Kitabxanasının əməkdaşları iştirak ediblər. Muzeyin direktoru Nəzakət Qasımova Sabirin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonda muzeyin elmi işçisi Vəfa Hüseynova şairin satiralarından nümunələr səsləndirib.

***

Ağcabədi şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Uşaq festivalı” keçirilib. Ağcabədi RMİ, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhid ailələrinin övladları iştirak ediblər.

***

Ağstafa RMİ-nin təşkilatçılığı ilə Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində rayonda yaşayıb-yaradan gənc rəssamların, həmçinin fiziki qüsurlu istedadların əl işlərinin satış-sərgisi keçirilib. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbi xalq çalğı alətləri şöbəsinin şagirdi Mustafa Məmmədli (tar) Qazaxıstanın Astana şəhərində onlayn keçirilən “Europe-Asia Festival”da Qran-pri mükafatına layiq görülüb. Müsabiqədə şagirdin uğurlu çıxışına görə müəllimi Etibar Sadıqov və konsertmeyster Səbinə Əliyeva təşəkkürnamə ilə təltif olunublar.