F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası nəzdində Urban Mərkəzində “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçirilib.

Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə RMİ, Azərbaycan Milli İncəsənət Muzeyi və İsveçin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanıb. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur.

Gəncə RMİ-nin rəisi Vasif Cənnətov çıxış edərək sərginin Gəncədə keçirilməsinə dəstək verən qurumlara təşəkkürünü bildirib, tədbirin əhəmiyyətini vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyətində şöbə müdirinin müavini Azər İbrahimov icra başçısı Niyazi Bayramovun adından iştirakçıları salamlayıb, İsveç səfiri Kristian Kamilə Gəncə şəhərində belə sərginin təşkilinə görə təşəkkür edib.

Səfir Kristian Kamil Gəncə şəhərində xoş qarşılandığı üçün öz təşəkkürünü bildirib və sərgi haqqında məlumat verib.

Sərginin kuratoru, Azərbaycan Milli İncəsənət Muzeyinin nümayəndəsi Könül Rəfiyeva nümayiş olunan nümunələr haqqında söz açıb.

Sərgidə isveçli fotoqraf Elizabet Tolun Azərbaycana səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi moda fotoşəkilləri, İsveç meşələrinin fotoları da yer alıb.

“Dayanıqlı moda: tekstilin gələcəyi” sərgisi 17 iyul 2022-ci il tarixinədək açıq olacaq. Sərgiyə giriş sərbəstdir.