Şuşa ilə İran şəhərlərindən birinin qardaşlaşması təklif edilib

 

Azərbaycanın Qarabağ bölgəsinin işğaldan azad edilməsi İranı sevindirir. Biz həmişə Azərbaycanı azad və firavan görmək istəyirik. İran hökuməti Azərbaycanla mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsini də istəyir və bu istiqamətdə addımlar atmağa hazırdır.

İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili bu sözləri iyunun 20-də Tehranda Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə görüşdə deyib.

Görüşdə iki ölkə arasında mədəni əlaqələrin geniş spektri müzakirə olunub.

Dəvətə görə iranlı həmkarına təşəkkür edən Anar Kərimov səfərin Azərbaycan-İran diplomatik əlaqələrinin 30 illiyinə təsadüf etdiyini deyib. Qeyd edib ki, Azərbaycan və İran xalqlarının çoxəsrlik dostluq əlaqələri var. Bu gün Azərbaycan və İranın dövlət başçıları arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Dövlətlərimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Digər sahələrdə olduğu kimi, mədəni əlaqələri də inkişaf etdirməliyik.

“Dövlətlər arasında digər əlaqələrdən fərqli olaraq mədəni əlaqələr daimi xarakter daşıyır. Hazırda Azərbaycanda İranın Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Tehranda da Azərbaycan Mədəniyyət Mərkəzinin açılması qarşılıqlı mədəni əlaqələrimizin inkişafında çox müsbət rol oynaya bilər. Biz Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasında maraqlıyıq və ümid edirik ki, dostluq əlaqələrimizin möhkəmlənməsi istiqamətində belə bir mərkəzin açılmasını İran hökuməti dəstəkləyəcək və o, Azərbaycan-İran dostluğunun simvoluna çevriləcək”, – deyə Anar Kərimov nəzərə çatdırıb.

Nazir Qarabağın işğaldan azad edilməsi barədə danışaraq bildirib ki, bu, xalqımız üçün şərəf məsələsi idi. Azərbaycan xalqı öz torpaqlarının işğal altında qalması ilə barışmadı və Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən Vətən müharibəsində Ermənistanın işğalında olan torpaqlarını azad etdi. Hazırda Azərbaycan dövləti erməni işğalçılarının törətdikləri vandalizmin nəticələrini aradan qaldıraraq bu ərazilərdə geniş quruculuq işləri həyata keçirir. Tarixi, mədəni abidələrimizlə yanaşı, məscidlər də bərpa olunur. Məqsədimiz İslam dəyərlərini bərpa etməkdən ibarətdir. Qarabağda dağıdılmış məscidlərin bərpası ilə yanaşı, Ağdam, Şuşa və Zəngilan rayonlarında yeni məscidlər də tikilib xalqın istifadəsinə veriləcək.

Mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıqdan söz açan nazir Anar Kərimov qeyd edib ki, kino sənayesi xalqları birləşdirən amildir. Bu sahədə əməkdaşlıq əlaqələrini gücləndirib birgə filmlərin istehsalına başlamaq lazımdır. Eyni zamanda kino həftələrinin, kitab sərgilərinin, teatr festivallarının keçirilməsi də zəruridir.

Nazir bildirib ki, ötən il Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş beynəlxalq kitab sərgisində İran da iştirak edərək ədəbiyyatını təbliğ etdi. Bu ilin əvvəlində Tehranda keçirilən teatr festivalında Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Qarabağın azad olunmasına həsr edilən tamaşa nümayiş etdirdi və bu, iranlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Bu istiqamətdə əməkdaşlığı davam etdirmək və gücləndirmək lazımdır.

Anar Kərimov səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirərək, İranın mədəniyyət və islam irşad nazirini Azərbaycana səfərə dəvət edib.

İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili vurğulayıb ki, ölkəsinin yeni hökuməti qonşularla əlaqələrin inkişaf etdirilməsini xarici siyasətində prioritet siyasi xətt elan edib. Azərbaycan İranın yaxın qonşusu, dost və qardaş dövlətdir. Bu baxımdan İran Azərbaycan ilə münasibətlərinə xüsusi diqqət yetirir və bütün sahələr üzrə əməkdaşlıq etməkdə maraqlıdır.

Görüşdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə də iştirak edib.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında İran naziri mədəniyyət sahəsində  əlaqələrin vacibliyini bir daha vurğulayıb. Bildirib ki, İran və Azərbaycan xalqları ortaq tarixə, mədəniyyətə, adət-ənənə və dini dəyərlərə malikdir. Bu dəyərlər siyasi-iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi üçün böyük zəmin yaradır.

İranlı nazir nəzərə çatdırıb ki, mədəni əlaqələrin inkişaf etdirilməsi üçün heç bir maneə yoxdur. Qarşılıqlı əlaqələrin inkişafı üçün birgə filmlərin çəkilməsi, kitab yarmarkalarının, mədəniyyət həftələrinin keçirilməsi zəruridir və bu istiqamətdə işlər aparılır.

Nazir bildirib ki, İranın yeni hökuməti Azərbaycan Respublikası ilə münasibətlərin yaxınlaşmasına maneə olan bütün problemləri aradan qaldırmaq iradəsinə malikdir. Azərbaycanın mədəniyyət nazirinin İrana səfəri əlaqələrimizdə yeni mərhələnin əsasını yaradacaq və gələcək inkişafı üçün perspektivlər açacaq.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov isə bildirib ki, iki ölkənin mədəni əlaqələrini yüksəltmək üçün çox böyük potensial var və bu potensialdan səmərəli istifadə etməliyik. Birgə mədəni layihələr xalqlarımızın daha da yaxınlaşmasına imkanlar yaradacaq. Bu istiqamətdə aparılan işlər və əldə olunan razılaşmalar icra olunacaq.

“Azərbaycanın Tehranda Mədəniyyət Mərkəzi açmaq istəyini dəstəkləyirik”

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iyunun 20-də Tehrana səfəri çərçivəsində İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Mehdi İmanpur ilə görüşüb.

Görüşdə Anar Kərimov iki ölkə arasındakı qarşılıqlı əlaqələrdən danışıb. Bildirib ki, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat bağlantılarının yaradılması istiqamətində addımlar əlaqələrimizin inkişafını göstərir. Bununla yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsinə ehtiyac var. Mədəni əlaqələrin inkişafında mədəniyyət mərkəzlərinin fəaliyyətinin böyük əhəmiyyəti var. Azərbaycanda İranın Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qarşılıqlı olaraq Tehranda da Azərbaycan Mədəniyyət Mərkəzinin açılması xalqlarımızın daha da yaxınlaşmasında mühüm rol oynayacaq.

Nəzərə çatdırılıb ki, Qarabağın işğaldan azad edilməsi ilə yanaşı, 132 kilometrlik Azərbaycan-İran sərhədi də azad olundu ki, bu da qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin əhatəli olacağına imkan yaradıb.

Qeyd olunub ki, mədəniyyət sahəsində imzalanan sənədlər kağız üzərində qalmamalı və icra olunaraq xalqlara fayda verməlidir. Mədəniyyət xalqları birləşdirən bir sahədir. Hazırda kino, teatr sahələrində əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələri daha da gücləndirmək lazımdır ki, xalqlar bir-birini daha yaxşı tanısın və gələcək üçün əhatəli əməkdaşlıq yaratsınlar. Azərbaycan filmləri bir neçə dəfə İranda keçirilən “Fəcr” film festivalında nümayiş etdirilib. Bu sahədə əməkdaşlıq mədəni əlaqələrə böyük töhfə verər. Odur ki, birgə filmlərin çəkilişinə başlamaq və bu filmləri hər iki ölkədə nümayiş etdirmək vaxtı çatıb.

“İşğaldan azad olunan Şuşa şəhərində geniş quruculuq işləri aparılır. Bu şəhərdə keçirilən “Xarıbülbül” festivalında İranın folklor kollektivi də iştirak edib və maraqla qarşılanıb. Bundan sonra Şuşada keçiriləcək bütün mədəni tədbirlərdə İranın yaradıcı kollektivlərinin də iştirak etməsini istəyirik”, – deyə Anar Kərimov bildirib.

Nazir beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən UNESCO kimi nüfuzlu təşkilatda Azərbaycan-İran əməkdaşlığına da toxunub. Qeyd olunub ki, bu təşkilat çərçivəsində əməkdaşlıq hər iki dövlətin maraqlarını əks etdirir.

Məhəmməd Mehdi İmanpur Azərbaycanın mədəniyyət nazirini İranda görməkdən məmnun olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın Tehranda Mədəniyyət Mərkəzi açmaq istəyini dəstəkləyir. İran Azərbaycanla mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Şuşa şəhəri ilə İranın şəhərlərinin biri arasında qardaşlıq münasibətlərinin qurulmasını təklif edən Məhəmməd Mehdi İmanpur bildirib ki, Qarabağın işğaldan azad olunması İranda sevinclə qarşılanıb.

“Müştərək addımlarla mədəniyyət sahəsində əməkdaşlığımıza yeni səhifə aça bilərik. İki ölkə əl işləri sənayesi, teatr, müştərək filmlərin və sənədli filmlərin istehsalı və xəttatlıq sahəsində festivalların keçirilməsinə şərait yarada bilər”, – deyə Məhəmməd Mehdi İmanipur əlavə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda hədiyyələr təqdim olunub.