Azərbaycan qrafikasının altmışıncı illərə təsadüf edən inkişafı və əldə olunan müvəffəqiyyətlərin kökündə bu sahədə ciddi rəqabətin mövcudluğu dururdu, desək, yanılmarıq. Həmin dövrdə qrafika ilə Ələkbər Rzaquliyev, Cəmil Müfidzadə, Altay Hacıyev, Nazim Babayev, Yusif Hüseynov, Rafiq Mehdiyev, Maral Rəhmanzadə, Elmas Hüseynov və Elmira Şahtaxtinskaya kimi sənətkarlar məşğul olurdular. Odur ki, əllinci illərin sonlarında təhsilini başa vurub sənət meydanında özünə yer tutmağa səy göstərən Bəyim Hacızadənin (1927-2017) bu sahənin seçilənləri sırasına daxil olması yalnız onun fərdi qrafika estetikası nümayiş etdirməsi sayəsində mümkün idi.  Bu mənada onun dəzgah qrafikasının ifadə vasitələrinə fərqli münasibət bəsləməsi, davamlı olaraq axtarışlar aparması da təbii idi. Bunun əyani nəticələrini Bəyim Hacızadənin elə altmışıncı illər yaradıcılığında izləmək olar...

Azərbaycanda peşəkar fotoqrafiyanın əsasını qoyanlardan biri hesab olunan Əzizbala Hacıyevin (1895-1973) ailəsində dünyaya göz açan Bəyim sonradan rəsm çəkməyə olan həvəsini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almaqla (1945-1950) təsdiqləmişdi. Sonradan onun Sankt-Peterburqdakı (keçmiş Leninqrad) nüfuzlu Baron Ştiqlis adına Rəssamlıq Akademiyasında (keçmiş V.Muxina adına Ali Bədii-Sənaye Məktəbi) oxuması (1951-1957) və qazandığı ilk sənət uğurları təsviri sənət məkanına geniş bədii-texniki potensiala malik yaradıcının gəlişindən xəbər verirdi...

Bu yerdə deyək ki, adı və əsərləri o vaxtlardan sənətsevərlərin dilinin əzbərinə çevrilən Bəyim Hacızadə nədənsə, tamaşaçı-sənətsevər ünsiyyətinə meyilli olmadığından, çox vaxt sənət məkanında “görünməz” adı ilə tanınardı. O, ömrünün sonuna kimi bu fiziki “görünməz”liyini qoruyub saxladı, desək, yanılmarıq. Əslində, həmkarlarının da dərin rəğbətini qazanan qrafika ustasının bu görünməzliyi həm onun sadəliyinin, həm də ailəsinə və emalatxanasına daha çox bağlılığının ifadəsi idi.

Bəyim Hacızadənin əsərlərinin bədii xüsusiyyətlərindən söz açmalı olsaq, onda onun altmışıncı illərdə linoqravüra texnikasına müraciətinin özünəməxsus bədii-texniki məziyyətlərlə seçildiyini vurğulamalıyıq. Müxtəlif mövzulu bu linoqravürləri orijinal bədii həllinə görə yalnız sənətkarın müasiri olmuş Ə.Rzaquliyevin “Köhnə Bakı” silsiləsi ilə müqayisə etmək mümkündür.

Müəllifin bu orijinallığı ilk növbədə onun həyata yeni baxışında ifadə olunmuşdu. Öz növbəsində bu yeniliyi rəssamın ənənəviləşən mövzulara fərqli baxış nöqtəsindən nəzər yetirməsi, motivləri duyulası stilizə və ümumiləşdirmələrlə təqdim etməsi şərtləndirirdi. Onun əksər əsərlərini səciyyələndirən ifadəli siluet və bədii ritmin axıcılığı, cizgi qənaətcilliyi və rəng lakonikliyi zamansızlığa qovuşduğu birmənalı olan qədim miniatür üslubu estetikasından qaynaqlandığından, müxtəlif süjetli əsərlərinin cəlbediciliyi elə ilk baxışdan duyulan olmuşdur. Kağız səthinin ağlığından təsiredici vasitə kimi istifadə edən rəssam, forma-biçim improvizələri ilə təqdim etdiyi təsvirlərin qabarıqlığını əldə etməklə, həm də görüntülərin monumentallığına nail ola bilmişdir. Bu da milli qrafika sənətində əvvəllər müşahidə olunmayan bədii şərh yeniliyi sayılmalıdır. 

Ani baxışla belə onun yaradıcılığında uşaq dünyasının qabarıq yer tutduğunu demək mümkündür. Rəssam bu mövzuya müxtəlif illərdə müraciət etsə də, məhz belə çoxsaylı əsərlər vasitəsilə uşaqların təbiətə münasibətini, onların dünyanı dərkini, yaradıcılıq sevincini, nəsillərin varisliyini, insanların bir-birini anlamasını və dünya dəyişkənliyini həm cəlbedici, həm də düşündürücü-fəlsəfi tutumda bədiiləşdirə bilmişdir.

Bəyim Hacızadənin linoqravüra texnikasına münasibəti kifayət qədər özünəməxsus olmuşdur. Onun əsərlərində bu texnikanın yeni və digərlərindən fərqli ifadə potensialını müşahidə etmək mümkündür. Süjetli kompozisiyalardan və portretlərdən ibarət olan bu lövhələrdə qrafik cizgilərin poetik-axıcı, bir qədər də duyğulandırıcı tutum alması kifayət qədər qabarıq görünür.

Altmışıncı illərdə “Yay” silsiləsi ilə uşaq aləminə əhatəli nəzər salan Bəyim Hacızadə yetmişinci illərdə və sonralar da davam etdirəcəyi bir neçə silsilənin başlanğıcını qoymuşdur. “Böyük dünya”, “Sevinc”, “Uşaq bağçası”, “Birinci sinif”, “Məktəb” və “Tətil” silsilələri uşaq dünyası haqqında bədii salnamə təəssüratı oyadır. Bura daxil olan “Kitablar”, “Şifahi hesablama”, “Musiqi”, “Əlifba”, “Sahil”, “Yelləncək”, “Top”, “Şəkilçəkən qız”, “Qış” və s. lövhələrini də dediklərimizin təsdiqi saymaq olar. Bu əsərlərdə rəssamın dəst-xətti üçün səciyyəvi olan geniş bədii ümumiləşdirmə, şərti-rəmzi bədii həll görünməkdədir...

Bəyim Hacızadənin “Qış” və “Yay” silsilələrindən olan “Zəfəran”, “Cırcırama”, “Zəncirotu”, “Akvarium” və s. əsərlərində gözümüzdə adiləşən həyati motivlərə nüfuzedici bədii rəssam münasibəti mövcuddur. O, ağ-qara cizgilərlə ifadə olunmuş əsərlərində təbiətlə körpələrin təmasını əks etdirməklə bərabər, dünyanı dərk etməyin sevincini, canlılar aləminin vəhdətini, bir-biri ilə qırılmaz tellərlə bağlılığını özünəməxsus tərzdə tərənnüm etmişdir. Geniş bədii ümumiləşdirmələrlə təqdim olunmuş müxtəlif motivlərin zamansızlığa qovuşmasının nəticəsidir ki, onlardakı məna-məzmun daşıyıcılığı tamaşaçısı üçün cəlbedici olmaqla yanaşı, həm də duyğulandırıcıdır. Yığcam ifadə vasitələrilə gerçəkləşmiş lövhələrdəki emosionallığın – yaşantı və ovqatın qabarıqlığının da yüksək müəllif sənətkarlığı ilə əldə olunduğu birmənalıdır...

Qrafika sahəsində yaratdığı özünəməxsus şərhli linoqravürləri ilə tanınan Bəyim Hacızadənin də yaradıcılığında inandırıcılığına görə seçilən bədii stilizələrin çox maraqlı nümunələrinə rast gəlinir. Kağız üzərindən “boylanan” görüntülərin bəzən vərəqə sığışmayan təqdimatı, təsvirlərin monumentallığını şərtləndirən duyulası lakonikliyi həm də cizgi incəliyinə bələndiyindən cəlbedici qəbul olunur. Onun 1985-ci ildə Bakıda keçirilən ilk fərdi sərgisində görkəmli qrafika ustasının özünəməxsus yaradıcılıq potensialına malik olduğunu görmək olardı. Burada nümayiş olunan otuzdan çox əsər arasında müəllifin müxtəlif silsilələrindən seçmələr üstünlük təşkil edirdi. 1988, 2004 və 2008-ci illərdə təşkil olunan fərdi sərgilərində də müəllifin yüksək qrafik mədəniyyət nümayişinə şahidlik etmək mümkün idi.

Qeyd etmək lazımdır ki, Bəyim xanımın altmış ili əhatə edən yaradıcılığı təkcə qrafik əsərlərin yaradılması ilə məhdudlaşmır. Onun gerçəkliyə münasibətini özündə yaşadan rəngkarlıq əsərləri və mozaikalar da dediklərimizi təsdiqləyir. Bu mənada müəllifin hələ “Əzimzadə məktəbi”ndə oxuyarkən çəkdiyi “Qəhrəmanla görüş” əsəri, eləcə də “Şairə Xurşidbanu Natəvanın portreti”, “Yay”, “Nəsirəddin Tusinin portreti”, “Ömrün sonuncu dəqiqələri”, “Abşeronda bağ”, “Akvarium”, “Qorxmaz” və “Futbolçu” tabloları, “Yatmış uşaq” və “Analıq” mozaikalarının özünəməxsus estetikaya malik olduğunu deyə bilərik.  

Sonda deyək ki, Bəyim Hacızadənin əsərləri sovet dönəmində və müstəqillik illərində onlarla xarici ölkədə Azərbaycan təsviri sənəti sərgisində uğurla nümayiş etdirilmişdir. O, 1988-ci ildə respublikanın “Əməkdar rəssam”ı fəxri adına layiq görülmüş, Azərbaycan qrafika sənəti saxlancına verdiyi töhfələrə görə 2001-ci ildə “Humay” milli mükafatı ilə təltif olunmuşdu. 2011-ci ildə “Xocalı” rəsm müsabiqəsinin laureatı olmuşdu...

Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, professor