Malayziyada Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə həsr olunan fotosərgi təşkil edilib. Selanqor ştatının Petaling Jaya şəhərində açılan fotosərgi Azərbaycanın Malayziyadakı Səfirliyinin təşkilatçılığı və şəhər şurasının dəstəyi ilə Petaling Jaya İctimai Kitabxanasında təqdim edilib.

Açılış mərasimində Petaling Jaya Şəhər Şurasının sədri Tuan Mohamad Azhan, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

M.Azhan belə bir nəcib təşəbbüsə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirərək, Azərbaycan və Malayziya xalqları arasında dostluq və qarşılıqlı etimada söykənən münasibətlərin əhəmiyyətini qeyd edib. O, dünyanın müxtəlif qitə və ölkələrində yaşayan xalqlar arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsində mədəni-humanitar sahənin müstəsna rol oynadığını vurğulayaraq, sərginin də belə bir məqsədə xidmət etdiyini nəzərə çatdırıb.

İ.Davudov qonaqpərvərliyə görə şəhər şurasının sədrinə təşəkkür edərək, belə birgə tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib. Azərbaycan tarixində və mədəniyyətində əvəzsiz yeri olan Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu diqqətə çatdıran diplomat, otuz ilə yaxın erməni işğalında qalan şəhərin və digər torpaqlarımızın 2020-ci ildə 44 günlük Vətən müharibəsində azad edildiyini deyib. Səfir Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə bərpa-quruculuq işlərinin getdiyini, işğal nəticəsində vəhşicəsinə dağıdılmış şəhər, rayon və kəndlərimizin yeni və daha gözəl şəkildə həyata qayıdacağını vurğulayıb.

Tədbirdə çıxış edən “Utusan Malaysia” qəzetinin əməkdaşı Thaqib Şaker bu ilin fevralında Şuşaya səfəri barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Bədii hissədə Petaling Jaya Şəhər Şurasının nəzdində fəaliyyət göstərən incəsənət truppası Malayziyanın milli musiqi və rəqslərindən nümunələr nümayiş etdirib. Sonra sərgiyə baxış keçirilib.