Azərbaycan Dövlət Uşaq Filarmoniyası iyunun 21-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Şuşa, biz gəldik!” adlı konsert proqramını təqdim edib.

“Şuşa İli”nə həsr olunmuş konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ) və Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə reallaşıb.

Tədbirdə Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin övladları, Gəncə “SOS uşaq kəndi” və Gəncə Uşaq evinin sakinləri də iştirak ediblər.

Öncə Gəncə RMİ-nin rəisi Vasif Cənnətov və Mədəniyyət Nazirliyi Musiqi sektorunun müdiri Vüqar Hümbətov çıxış ediblər.

Sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının hazırladığı konsert proqramı təqdim olunub. Proqramda Azərbaycan və dünya bəstəkarlarının musiqiləri, müxtəlif rəqslər ifa olunub.

Konsertin sonunda Vasif Cənnətov Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyevaya Gəncə RMİ-nin təşəkkürnaməsini təqdim edib.