İlqamət Hadiyev: “İstərdim ki, miniatür xalçaçılıqda da öz ölkəmi təbliğ edə bilim”

 

Xəbər verdiyimiz kimi, bu günlərdə Lənkəranda şəhərin mədəni inkişaf strategiyasının təqdimatı keçirildi. Tədbir çərçivəsində cənub bölgəsi sənətkarlarının əl işlərindən ibarət sərgi də təşkil olunmuşdu. Sənətkarların oyma, təkəlduz, qurama və digər sahələr üzrə yaratdıqları əsrarəngiz məmulatlar böyük marağa səbəb oldu.

Sərgidəki nümunələr sırasında qədim xalçaçılıq sənətimizi təbliğ edən miniatür xalçalar xüsusilə diqqət çəkirdi. Müxtəlif dövlətlərin bayraqları əks olunan tematik xalçaların müəllifi ilə tanış oluram. Lerik rayon sakini İlqamət Hadiyev. İxtisasca iqtisadçıdır və Lənkəran Regional Xəzinədarlıq İdarəsində işləyir. Deyir ki, bu işə hobbi olaraq başlayıb. Xalça toxumaq isə ona anasından keçib.

 

– Miniatür xalçaya marağınız necə yarandı?

– 2010-cu ildən bu işi biznes ideyası kimi fikirləşmişdim və uğurlu alındı. Miniatür xalçalar toxumağa başladım və əl işlərimi turistlərə təqdim edirdim. Toxuduğum miniatür bayraq xalçaları arasında Azərbaycan bayrağı üstünlük təşkil edir. İlk toxuduğum miniatür xalçada isə ümummilli lider Heydər Əliyevin imzasının təsviri olunub. Ondan sonra gerbimizi və bayrağımızı miniatür xalça formasında toxudum.

 

– İqtisadçı-xalçaçı. Niyə məhz bu sahəni seçdiniz?

– Ailəmiz çoxuşaqlı olduğundan anama dəzgahları evə gətirib xalçanı evdə toxumağa icazə verirdilər. İlk dəfə xalça ilə 4-cü sinifdə oxuduğum zaman tanışlığım olub. O vaxtdan da elə bu sənəti sevmişəm. Yəni hobbim də, biznes marağım da buradan yaranmışdı. Doğulduğum Lerikin Mondigah kəndində subay qızlar öz cehizlik xalçalarını özləri toxuyardılar.

 

– Ən kiçik və sizin üçün özəl xalça hansıdır?

– “Zaman karvanı” xalçasının eni 7,6 sm, uzunluğu 10,9 sm-dir. Hər çində 109 ilmə var. Bu xalçada cəmi 217 çin var. Ümumilikdə isə 23 min 653 ilmə var. Bir kvadrat santimetrə 285,5 ilmə düşüb. Bu da əl ilə toxunan xalçalar üçün rekord göstəricidir. “Zaman karvanı”nda 4 dəvə əks olunub. İlin fəsillərinə uyğun olaraq dəvələrin rəngi dəyişir. Digər toxuduğum “Qarabağ” xalçasını isə Lətif Kərimovun eskizi əsasında işləmişəm. Həmin xalçada eskizə xələl gətirməmək şərti ilə bəzi dəyişiklik etdim. Eni 6,6 sm, uzunluğu 10,7 sm-dir. 22 min 127 ilmə vurmuşam. Bir kvadrat santimetrə 313 ilmə düşüb. Burada rekordu yeniləmişəm. Gördüyüm işlərin içərisində ən mükəmməli “Zəfər” xalçasıdır. “Zəfər” xalçasında 44 xarıbülbül əks olunub. Qələbəmizə həsr olunan xalçanın eni 6 sm, uzunluğu 9,3 santimetdir. Bir sırada 105 ilmə, 162 çin və ümumilikdə 17 min 10 ilmə. Bir kvadrat santimetrə 305 ilmə düşüb. Ən kiçik xalçam isə “Qobustan”dır. Eni 1,9 sm, uzunluğu 2,5 sm. Burada 1302 ilmə var.

 

– Bu xalçaları ilk olaraq biznes məqsədilə ərsəyə gətirdiniz, bəs bu gün məqsədiniz nədir?

– Ermənilərin miniatür xalça toxuyaraq “Ginnesin rekordlar kitabı”na düşmək iddialarını sosial şəbəkədə gördüm. Bu məni çox narahat edir. Əslində, onların toxuduqlarına xalça demək olmaz. Xalçaçılıq Azərbaycan xalqının sənət pasportudur. Xalçaçılıq ənənəsi olan xalqın nümayəndəsi kimi istərdim ki, miniatür xalçaçılıqda da öz ölkəmi təbliğ edə bilim. Amma onu qeyd edim ki, bu günə kimi hələ Azərbaycan Milli Xalça Muzeyinə heç bir işimi təqdim etməmişəm.

 

– Ən çox hansı mövzulara müraciət edirsiniz?

– Rayonumuz turistik bölgədədir. Hazırda gördüyünüz sərgidə müxtəlif dövlətlərin bayraqları yer alır. Tematik xalçalara da maraq var. Tarixi və bədii mövzular diqqətimi çəkir.

 

– Bir miniatür xalçanı toxumağa nə qədər vaxt sərf edirsiniz?

-  Çox vaxt aparır. Nəzərə alaq ki, bu mənim peşəm deyil, hobbimdir. İşdən sonra yorğunluğumu bununla atıram. Hər gün 2-3 saat vaxt sərf edirəm. Toxuduğum xırda milli ornamentli xalçaya isə 3 ay vaxt sərf eləmişəm. Bir çində 109 ilmə var. Gün ərzində müntəzəm işləsəm, yenə 10 çindən artıq ilmə vura bilmirəm, gözlərim yorulur.

 

– Sərgiləriniz olubmu?

– 2017-ci ildə Lerik Dövlət Rəsm Qalereyasında sərgim təşkil edilib. Lerik Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə rayonumuzun ərazisində yerləşən istirahət mərkəzlərinin birində də fərdi sərgim keçirildi. 2021-ci ildə Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran Mədəniyyət Mərkəzində və bu il “Lənkəran Sprint Hotel”də fərdi sərgilərim olub.

 

– Miniatür xalça sənətinə gənc nəsildə maraq necədir?

– Bu günə kimi müraciət edən olmayıb. Amma bir neçə il əvvəl Lerik Rayon Dövlət Rəsm Qalereyasında bu işi öyrənmək istəyən və maraqlanan gənclər üçün ustad dərsləri təşkil etmək istəyirdilər. Amma hələlik real bir addım yoxdur.

Lalə Azəri