Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bülbülün 125 illiyi qeyd edildi

 

İyunun 22-də Azərbaycan vokal məktəbinin banisi, görkəmli müğənni, pedaqoq, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897-1961) anadan olmasının 125 illiyi tamam oldu.

Bu münasibətlə iyunun 21-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində sənətkarın yubileyinə həsr edilən tədbir keçirildi.

Muzeyin direktor müavini Təranə Qurbanova Bülbülün Azərbaycan mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən söz açdı: “Biz unudulmaz sənətkarın 125 illiyini böyük qürur hissi ilə keçiririk. Çünki onun doğulduğu Şuşa artıq azaddır. Buna görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik”.

Muzeyin şöbə müdiri Xanım Abdinova Azərbaycan vokal sənətinin zirvəsi olan Bülbülün həyatı və parlaq yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği yolundakı xidmətlərindən danışdı. Diqqətə çatdırdı ki, XIX əsrdə Qafqazın konservatoriyası kimi tanınan Şuşa şəhəri, əzəmətli dağların qoynunda yerləşən bu füsunkar diyar musiqi mədəniyyətimizə dahilər bəxş edib: “Bülbülün ecazkar səsi ilk dəfə Şuşa şəhərində eşidilib. Bülbül kimi cəh-cəh vuran balaca Murtuzanı “Bülbül” deyə çağırıblar. Azərbaycan musiqi tarixində Bülbül kimi özünəməxsus ifa tərzi, yaradıcılıq yolu olan sənət ustaları çox azdır. O, vokal məktəbində bir əfsanədir...”.

Çıxışlardan sonra konsert proqramı təqdim edildi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Ələkbər Əliyev, Roza Səlimova və Ceyran İsayevanın ifalarında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlu və Nigarın ariyaları, “Arşın mal alan” operettasından Vəli və Tellinin dueti, “Sevgili canan” romansı, Asəf Zeynallının “Ölkəm”, Niyazinin “Vətən nəğməsi” əsərləri səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.

Sonda Bülbülün ifaları olan videoyazı və muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirildi.

Savalan