ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, “FHI 360” təşkilatı tərəfindən “MG Consulting” və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan “Şəffaflıq naminə vətəndaş cəmiyyəti layihəsi” (ECSOFT) çərçivəsində Mədəniyyət Nazirliyinin regional idarələrində çalışan dövlət qulluqçuları üçün “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə”  mövzularında təlimlər keçirilib.

İyunun 20-də videokonfrans formatında gerçəkləşən treninqdə təlimçi qismində Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər.

Təlimə ümumilikdə 92 nəfər qatılıb. İştirakçılara etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, bu barədə müraciətlərə baxılması, korrupsiya risklərinin müəyyən edilməsi və s. məsələlər haqqında məlumatlar verilib.