Prezident İlham Əliyev iyunun 23-də Xalq şairi Rəsul Rzanın Bakı şəhərində ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rza milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazanıb. Şair ana dilinin zənginliklərindən uğurla faydalanaraq, yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaradıb, eyni zamanda ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək, genişmiqyaslı dolğun fəaliyyəti ilə tanınıb.

Sərəncamda Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, Xalq şairi Rəsul Rzanın Göyçay şəhərində ev-muzeyi fəaliyyət göstərir. 2004-cü ildə yaradılan muzeyin binasında 2010-cu ildə əsaslı təmir aparılıb, muzeyin qarşısında şairin büstü qoyulub.