26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 26-sı saat 10:00-dan 12:00-dək hərbi orkestrlər Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi; Şəhidlər xiyabanı - “Alov qüllələri” - “İçərişəhər” metrosu - Qala qapısı - Kukla teatrı, Azneft dairəsi - Bəhram Gur heykəli; Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı, Zabitlər parkı – Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı -Səməd Vurğun küçəsi - Neftçilər prospekti; N.Nərimanovun heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı -Heydər Əliyev Sarayı – Mərkəzi Bank marşrutları üzrə yürüş edəcəklər.

Həmin gün saat 19:00-dan 21:00-dək isə hərbi orkestrlərin Heydər Əliyev Mərkəzinin parkı, Heydər Əliyev Sarayının qarşısı, Azneft dairəsi yanında bayraq meydanı, Muzey Mərkəzi, Dənizkənarı bulvarda fontanın qarşısı, Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında nümunəvi çıxışları olacaq.