Vyana Radio Simfonik Orkestri Fikrət Əmirovun əsərlərini ifa edib

 

Dünyanın ən tanınmış konservatoriyaları sırasında öncül yeri olan Vyana Musiqi və Səhnə Sənətləri Universiteti Dirijorluq fakültəsinin ilk azərbaycanlı məzunu adını qazanan Abuzər Manafzadə iyunun 23-də Avropanın klassik musiqi beşiyi sayılan bu şəhərdə diplom konserti ilə çıxış edib.

Vyana Musiqi Cəmiyyəti Mədəniyyət evinin “Qızıl zalı”nda keçirilən konsertdə gənc dirijor ifa üçün Azərbaycan simfonik musiqisinə üstünlük verib. Onun dirijorluğu ilə Vyana Radio Simfonik Orkestri dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamı və “Azərbaycan kapriççiosu” əsərini ifa edib.

Dahi bəstəkarın 1948-ci ildə yazdığı “Kürd ovşarı” simfonik muğamı ilk dəfə avstriyalı dinləyicilərə təqdim olunub və alqışlarla qarşılanıb. Fikrət Əmirovun “Azərbaycan kapriççiosu“ simfonik əsəri (1961) də böyük maraq doğurub. Azərbaycan xalq musiqisinin çalarları ilə zəngin, ekzotik və ritmik melodiyaları ilə sonsuz fantaziya və müsbət emosiyalara yol açan əsər xüsusi maraq və alqışlara səbəb olub.

Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə bu il Fikrət Əmirovun anadan olmasının 100 illiyi dünyanın müxtəlif ölkələrində təntənəli şəkildə qeyd olunur. Bəstəkarın 100 illik yubileyi UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına da daxil edilib.

Diplom konsertində Azərbaycan klassik musiqisini tanıtmaq kimi vətənpərvər bir missiyanı qarşısına qoyan Abuzər Manafzadə əsər seçimi ilə klassik musiqi məbədlərindən sayılan “Qızıl zal”da dahi bəstəkarın yubileyinə öz töhfəsini verib.

Digər məzunların dirijorluğu ilə konsertdə bəstəkarlar Rixard Ştraus, Rixard Vaqner və Anton Vebernin əsərləri də səslənib.