İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

Dövlət başçısı Toğanalı (Göygöl rayonu) – Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib.

Prezident Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.

Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.

Kəlbəcər şəhərinin baş planı dövlət başçısına təqdim edilib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlət başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.

Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.