Lənkəran RMİ-nin əhatə etdiyi Astara rayon Mərkəzi Kitabxanası “Hər kitabı ünvanına” adlı layihəyə başlayıb.

Layihənin məqsədi insanların kitaba, mütaliəyə olan marağını artırmaq, kitabxanalara daha çox oxucu cəlb etmək, kitabxana mütəxəssislərinin peşəkar və yaradıcı potensialının inkişaf etdirilməsidir. İlk görüş Astara Rayon Mərkəzi Xəstəxanasında gerçəkləşib. Kitabxananın əməkdaşları tibb işçilərinə müvafiq sahə üzrə kitabları təqdim ediblər. Layihə üzrə növbəti görüş Astara Rayon Prokurorluğunda keçirilib. Prokurorluq işçilərinə hüquqa dair ədəbiyyatlar təqdim edilib.

***

Biləsuvar RMİ-nin əhatə etdiyi Cəbrayıl rayon Hacılı kənd klubu görkəmli şairə, xeyriyyəçi Xurşidbanu Natəvanın (1832-1897) 190 illik yubleyi ilə əlaqədar “Ürəyini xalq yolunda məşəl edən şairə” başlığı altında tədbir keçirib.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbində xoreoqrafiya sənəti üzrə ustad dərsi keçirilib. Ustad dərsində 3 nömrəli Uşaq incəsənət məktəbi, Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbi, Ə.Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, “Dostluq” Mədəniyyət evi və C.Cabbarlı adına Mədəniyyət evinin müəllim və şagirdləri iştirak ediblər. Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri, Əməkdar artist Elçin Allahverdiyev və Prezident təqaüdçüsü Çinarə Quliyevanın apardığı ustad dərsi maraqla qarşılanıb.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında milli mətbuatımızın banisi, təbiətşünas alim, mütəfəkkir Həsən bəy Zərdabinin 180 illiyi ilə əlaqədar “Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi” adlı tədbir keçirilib. Tədbiri açan böyük kitabxanaçı Əfsanə Bağırova H.Zərdabinin həyat və yaradıcılığından bəhs edib.

Gəncə RMİ-nin təşəbbüsü ilə Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının uşaq musiqi və incəsənət məktəbləri direktorlarının hesabat konserti təşkil edilib. Öncə Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbi direktorunun əl işlərindən ibarət sərgi nümayiş olunub. Gəncə RMİ-nin rəisi Vasif Cənnətov çıxış edərək ifaçılara uğurlar arzulayıb. Konsertdə Fikrət Əmirov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Emin Sabitoğlunun əsərləri, Azərbaycan muğamları, aşıq musiqilərindən ibarət proqram maraqla qarşılanıb.