Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Gəncə RMİ-nin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri təşkil olunub.

BMA-nın müəllimi, Azərbaycan Dövlət Xor Kapellasının rəhbəri, Xalq artisti, professor Gülbacı İmanova, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Alıyeva, akademiyanın müəllimi, dosent Aliyə Məmmədova və Nərgiz Salmanlı tərəfindən xormeyster, fortepiano, musiqi nəzəriyyəsi və skripka ixtisasları üzrə ustad dərsləri keçirilib.

Dərslərdə xor sənətinin sirləri, xormeyster vərdişləri barədə Gülbacı İmanova öz təcrübəsini bölüşüb. Fortepiano sinfində təhsil alan şagirdlərin ifaları dinlənildikdən sonra müəyyən müzakirələr aparılıb. Skripka dərslərində texniki çətinliklərin aradan qaldırılması yolları öyrədilib. Elementar musiqi nəzəriyyəsi, ladlar, Azərbaycan xalq musiqisinin əsaslarının tədrisi ilə bağlı müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılıb.

Sonda Gülbacı İmanova şagirdlərin ifaçılıq qabiliyyətlərinin inkişaf etdirilməsində və yaradıcılıq bacarıqlarının formalaşmasında ustad dərslərinin əhəmiyyətindən bəhs edib.