İyunun 28-də Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, unudulmaz sənətkar Bülbülün (1897-1961) 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açan muzeyin direktoru Fərqanə Cabbarova qeyd edib ki, 35 ildən sonra ilk dəfə böyük sənətkarın yubileyi  onun vətənində – Şuşada keçirilib. Şuşada sonuncu dəfə Bülbülün 90 illik yubileyi 1987-ci ildə qeyd olunmuşdu. Bildirib ki, sənətkarın 125 illiyinə həsr olunan Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsinin yekun konserti iyunun 22-də Bülbülün doğulduğu evin həyətində təşkil edilib.

Tədbirdə Akademik Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Atəş Qarayev, 2017-ci il Muğam müsabiqəsinin laureatı Mirəli Sarızadə, Opera və Balet Teatrının solisti Fəhmin Əhmədli, Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Fateh İsgəndərin ifaları dinlənilib.

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, bəstəkar, Xalq artisti, Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Qafarova, Xalq artisti Əflatun Nemətzadə Bülbülün həyat və yaradıcılığı haqqında öz fikirlərini bölüşüblər.

Tədbir zamanı Bülbülün ifasında lent yazıları da səsləndirilib.