Xalça Muzeyində qurama ustası Xalidə Nəsirovanın əl işlərinin sərgisi

 

Bəzən qurama sənətini kasıb insanların yaratdığını deyirlər. Lakin bu yanaşma doğru deyil. Bir çox quramalarda bahalı parça nümunələrinə də rast gəlinir. Bu sənət bir hobbi kimi formalaşaraq bütün təbəqələri əhatə edib.

Bu fikirlər iyunun 28-də Azərbaycan Milli Xalça Muzeyində “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərginin açılışında səsləndirildi.

Sərginin açılışında çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sənətkarın yaradıcılıq dünyasından söz açdı. Direktor Xalidə Nəsirovanın yaradıcılığı ilə uzun illər əvvəl tanış olduğunu və hətta ilk məqaləsini də onun haqqında yazdığını bildirdi: “Xalidə Nəsirova günümüzün ən görkəmli qurama ustalarından biridir. O, həyatının 30 ildən çoxunu qurama sənətinə həsr edib. İxtisasca kimyaçı olan Xalidə xanım bu sənətə hobbi kimi başlayıb. Sonralar bu hobbisi onu dünyaya tanıdıb. Xalidə Nəsirova bu bədii ənənəni müasir dövrdə yaşadan, ona özünəməxsus dəst-xətti ilə həyat verən azsaylı qadın sənətkarlardandır”.

Şirin Məlikova həmçinin qeyd etdi ki, Xalça Muzeyində ilk dəfə qurama sənətini əks etdirən sərgi açılıb. Qurama ən qədim tekstil növüdür və bu sənət dünyada müxtəlif adlarla tanınır: “Bəzən bu sənəti kasıb insanların yaratdığını qeyd edirlər. Amma düşünürəm ki, bu fikir heç də düzgün deyil. Bəzən biz bu quramalarda çox bahalı parça nümunələrinə də rast gəlirik. Deməli, bu sənət hobbi kimi formalaşaraq bütün təbəqələri əhatə edib”.

Direktor muzeydə XIX əsrin sonu və XX əsri əhatə edən quramaların qorunduğunu dedi: “Bugünkü sərgidə Xalidə Nəsirovanın 40-a yaxın müxtəlif qurama nümunəsi nümayiş etdirilir. Sənətkarın müəllifi olduğu əsərlərlə yanaşı, ona hədiyyə edilmiş XX əsrin əvvəllərinə aid quramalar da sərgilənir. Xalidə xanımın quramalarının əksəriyyətini müxtəlif örtüklər, yastıq üzləri, dekorativ süfrələr, mozaik pannolar təşkil edir. O, 30 ildən çoxdur bu sənətlə məşğuldur. Hazırladığı quramalara baxanda XX əsrin cərəyanlarını görürük. Bir içərişəhərli olaraq Xalidə xanım quramalarda öz mesajlarını, şəhərin ab-havasını da ötürür”.

Sonra çıxış edən İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirdi ki, Azərbaycan dekorativ-tətbiqi sənətinin əlvan koloritli, günəşli təbiətinin isti rənglərini özündə əks etdirən qurama sənətinin qədim tarixi var. Əsərlərini eskizsiz hazırlayan Xalidə Nəsirovanın mürəkkəb və zəngin naxışlı kompozisiyalarının əsas mövzusu tarix, incəsənət, din və məhəbbətdir.

Əminə Məlikova həmçinin diqqətə çatdırdı ki, iyulun 7-dən avqustun 7-dək Azərbaycanda ilk dəfə Milli Qurama Festivalı keçiriləcək. Festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq, qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək.

Xalidə Nəsirovanın yetirməsi, qurama ustası Fəridə Mustafayeva qeyd etdi ki, üzrlü səbəblərdən müəllimi açılışda iştirak edə bilmir. O, qonaqlara sənətkarın adından dərin təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, müəlliminin əsərlərində bədbin notlar yoxdur. Xalidə xanım bu gün də qədim dövrlə və müasirliyi birləşdirərək zənginliklər yaratmaqda davam edir.

Qeyd edək ki, Xalidə Nəsirova ilk dəfə 1990-cı ilin 20 Yanvar faciəsi günlərində qəlbində baş qaldıran emosional hisslərini ifadə edərək 3330 ədəd parça hissəsindən “Mənim dostlarım” adlı quramanı işləyib. Sonradan bu sənətə möhkəm bağlanaraq zamanla qazanılmış təcrübə və peşəkarlıq sayəsində gözəl əsərlər yaradıb.

“Avroviziya-2012”, 100-dən çox qalstukdan hazırlanmış “İçərişəhərin sirləri”, insanları qədim abidələri qorumağa səsləyən “İmdad” adlı işləri və digər çoxsaylı quramalarında sənətkarın özünəməxsus bədii axtarışları əksini tapıb. “Xalidə Nəsirovanın qurama dünyası” sərgisi 10 sentyabr 2022-ci il tarixinədək davam edəcək. Sərgi çərçivəsində mühazirələr, qurama üzrə ustad dərsi, tematik ekskursiyalar keçiriləcək.

Lalə Azəri