Lənkəran RMİ Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Orxan Quluzadənin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib. Çıxış edənlər şəhid haqqında xatirələrini bölüşüb, onun döyüş yolundan söz açıblar. Tədbirdə Orxan Quluzadənin şəxsi əşyalarının nümayiş olunduğu sərgiyə baxış olub.

***

Biləsuvar RMİ Neftçala rayon Mərkəzi Kitabxanasında şair-publisist Bədirə Rza Həsənqızının şəhidlərə həsr olunmuş “Nəfəsimiz Vətəndir” kitabının təqdimatı keçirilib. Təqdimatda şəhid ailələri, ziyalılar və gənclər iştirak ediblər.

***

Masallı RMİ Cəlilabad rayon Günəşli kənd Mədəniyyət evi və kitabxanasının əməkdaşları Birinci Qarabağ müharibəsi şəhidi Vüqar Niftullayevin ailəsinə baş çəkiblər.

***

Qubanın Çartəpə kəndində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan gizir Ürfan Çingiz oğlu Məmmədovun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi istifadəyə verilib. Kompleksdə Ürfanla yanaşı, Birinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının da xatirə lövhəsi yer alıb. Ürfan Məmmədov 1994-cü il iyunun 28-də Çartəpə kəndində anadan olub. 2017-ci ildən ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib. Qəhrəman gizir Vətən müharibəsində Suqovuşan və Talış istiqamətində döyüşlərə qatılıb. Sentyabrın 28-də Talış kəndində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ürfanın əmisi Mais Məmmədov isə Birinci Qarabağ müharibəsi şəhididir.

***

Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi, “İctimai” TV və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan “Görünməyən qəhrəmanlar. 27 sentyabr” adlı sənədli filmin nümayişi keçirilib.  Şəki RMİ-nin rəisi vəzifəsini icra edən Tərlan Nəsibov və digər qonaqlar filmi izləyiblər.

***

Sumqayıt RMİ Xızı rayon nümayəndəliyinin əməkdaşları Vətən müharibəsi şəhidi Elnur Ağaəhmədovun ailəsini ziyarət ediblər.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 15 saylı kitabxana filialı Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Malik Əsədovun (1962-1992) anadan olmasının 60 illiyi ilə əlaqədar “Qəhrəmanları tanıyaq və tanıdaq” başlığı altında tədbir keçirib.

Nürəddin Məmmədli