İyulun 2-də Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar artist Fuad İbrahimovun iştirakı ilə konsert keçiriləcək.

Konsertdə Gia Kançeli adına Tbilisi Gənclər Orkestrinin Fuad İbrahimovun dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simfoniyasını və gürcü bəstəkarı Mika Mdinardzenin “145/Xristos” əsərini ifa edəcək. Proqramda bəstəkar Otar Qordelinin fleyta üçün konsertinosu (solist – yunanıstanlı fleytaçı Statis Karapanos) da səslənəcək.

Qeyd edək ki, Fikrət Əmirov simli orkestr üçün “Nizaminin xatirəsinə” simfoniyasını 1947-ci ildə, dahi şairin 800 illiyi münasibətilə yazıb.