Əməkdar artist, tanınmış tenor Azər Rzazadə Latviyanın Riqa və Yelqava şəhərlərində keçirilən opera festivalında çıxış edib.

Vokalçı festival konsertlərində italyan bəstəkarları Cüzeppe Verdinin “Aida”, Cakomo Puççininin “Toska” və fransız bəstəkarı Jorj Bizenin “Karmen” operasından ariyaları məharətlə ifa edib. Onun çıxışı dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

***

İstedadlı orqan ifaçısı Natəvan Quliyeva Azərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepayadakı “Müqəddəs Üçlük” kafedralında konsert verib. Azərbaycanlı musiqiçinin çıxışı Liepaya şəhərində keçirilən ənənəvi “Yay Orqan Konsertləri” çərçivəsində baş tutub.

Natəvan Quliyeva görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Nazim Əliverdibəyov, həmçinin tanınmış latviyalı bəstəkar Ayvars Kaleys və bir sıra dünya klassiklərinin orqan musiqi əsərlərini ifa edib.