ADA Universitetində “Məzun günü” keçirilib

 

İyulun 1-də ADA Universitetində “Məzun günü” keçirilib. Tədbir universitetdə təhsil alan əcnəbi tələbələrin təmsil etdikləri dövlətlərin bayraqlarını səhnəyə gətirməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd olunub ki, ümumilikdə 2021-2022-ci akademik il üzrə ADA Universitetində 7 bakalavr və 7 magistr ixtisası üzrə 471 tələbə məzun olub. Məzunlardan 305-i bakalavr, 166-sı isə magistr proqramları üzrə təhsili başa vurublar. Onların arasında 10 xarici ölkəni (ABŞ, Bolqarıstan, Fransa, Gürcüstan, Qazaxıstan, Maldiv adaları, Nigeriya, Rusiya, Sudan, Zimbabve) təmsil edən 15 məzun da var.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məzunları təbrik edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor deyib ki, Vətənə xidmətin ən parlaq nümunələrini 44 günlük müharibədə bizim cəsur hərbçilərimiz göstərdi: “Fəxrlə deyə bilərəm ki, onların sırasında ADA-nın məzunları da olub. Azad Qarabağ indi peşəkar gənc kadrlardan fədakarlıq gözləyir. Artıq geniş vüsət almış bərpa işlərində sizin bilik və bacarığınız lazım olacaq”.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında qeyd edib ki, yarandığı ilk gündən indiyədək ADA Universiteti haqlı olaraq ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biri sayılır. Universitetin tarixi o qədər böyük olmasa da, əlamətdar hadisələr və parlaq nailiyyətlər ilə zəngindir. Ötən illərdə universitet Azərbaycanın və xarici ölkələrin intellektual və təhsil ehtiyatlarını birləşdirərək, eyni zamanda, möhkəm maddi-texniki və metodik-tədris bazası formalaşdıraraq, mütəxəssis hazırlığının aparıcı mərkəzlərindən birinə çevrilib.

Təhsil naziri Emin Əmrullayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dekanları Vasili Tkaçev və İqor Turuyev də məzunların sevincini bölüşüblər. Tədbirdə ABŞ-ın Corc Vaşinqton Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak tərəfindən məzunlara ünvanlanan videomüraciəti də təqdim olunub.

Sonra təhsildə xüsusilə fərqlənən məzunlar təltif olunub. Mərasim konsert proqramı ilə davam edib.