Tanınmış estrada müğənnisi, Azərbaycanın Xalq artisti Sərxan Sərxan bu il 70 illiyini qeyd edir.

Uzun illərdir Rusiyada yaşayan sənətkarla bu yaxınlarda əlaqə saxlayıb yubileylə bağlı fikirlərini xəbər aldıq. Türkiyədə olduğunu deyən müğənni bir neçə günlük Bakıya gəlib yenidən Moskvaya dönəcəyini bildirdi.

Moskvada silsilə konsertlərinin keçiriləcəyini söyləyən Sərxan Sərxan doğma vətənində yubileyini payızda qeyd edəcəyini diqqətə çatdırdı. “Yay aylarında həm dost-tanış, həm də tamaşaçılar istirahətdə olurlar. Bakının istisi də öz yerində. Bu səbəbdən də yubileyimi payız aylarının birində qeyd edəcəyəm”, – deyə Xalq artisti vurğuladı.

Qeyd edək ki, Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakıda anadan olub. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin gitara sinfini və Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan filarmoniyalarında çalışıb. 1991-ci ildən Moskvada yaşayan müğənni Vətənini unutmur, musiqisevərlərlə görüşə gəlir.

“Mədəniyyət” qəzeti olaraq yubilyarı təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Lalə