“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir.

Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə bundan öncə məşhur “Məclisi-üns” haqqında material təqdim edilmişdi. Növbəti təqdimat “Məclisi-fəramuşan” ədəbi məclisə həsr olunub.

 “Məclisi-üns”dən səkkiz il sonra yaradılan “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) həm də “Məclisi-xamuşan” (“Dinməz, sakit adamlar məclisi”) adı ilə tanınıb. 1872-ci ildə Abdulla bəy Asi, Mirzə Əbülhəsən Şəhid, Mirzə Əbdül Şahin, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği və başqaları Mir Möhsün Nəvvabın rəhbərliyi altında bu ədəbi məclisdə bir araya gəliblər.

Mənbələrdə, başqa məclislər kimi, “Məclisi-fəramuşan”ın da üzvlərinin adları da tam əhatə olunmayıb. Onların adı daha çox Şuşa şairlərinin şeirlərindən, digər şəhərlərdəki şairlərlə məktublaşmalardan müəyyən edilib.

“Məclisi-fəramuşan”da şairlər müşairə zamanı deyilən qəzəli onun bəhr və təqtisinə müvafiq olaraq oxuyar və həmin ahənglə ayaqlarını yerə vurub ona uyğun səs çıxardıblar. Məclisdə şairlərlə yanaşı, musiqiçilər də yaxından iştirak ediblər. Məşhur xanəndə və tarzənlərindən Xarrat Qulu, Mirzə Sadıqcan, Hacı Hüsü, Məşədi İsi məclisin şöhrətinə şöhrət qatıblar.

“Məclisi-fəramuşan”ın nəzdində M.M.Nəvvab və Hacı Hüsünün rəhbərliyi altında “Xanəndələr məclisi” də fəaliyyət göstərib.

1910-cu ilədək fəaliyyətini davam etdirən “Məclisi-fəramuşan” Şuşanın ədəbi-mədəni həyatında mühüm rol oynayıb, ədəbi prosesin şaxələnməsinə öz töhfəsini verib.