Sumqayıt RMİ, Təhsil Nazirliyi, Sumqayıt şəhər, Abşeron və Xızı rayon icra hakimiyyətlərinin dəstəyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin (RTİ) təşkilatçılığı ilə “Yay məktəbi”nin yekununa həsr olunmuş tədbir keçirilib.

Xızı rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən tədbirdə Milli Məclisin deputatı Müşfiq Məmmədli, Xızının icra başçısı Xəzər Aslanov, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, Abşeron-Xızı RTİ-nin müdiri İlhamə Abdullayeva, Sumqayıt şəhər, Abşeron və Xızı rayonları üzrə 600-dən çox şagird, təhsil işçiləri və valideynlər iştirak ediblər.

İştirakçıları salamlayan Abşeron-Xızı RTİ-nin müdiri İlhamə Abdullayeva “Yay məktəbi”nin əhəmiyyətindən söz açıb. Sonra tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanmış müxtəlif mövzulu stendlərə baxış keçiriblər.

Şagirdlərin birgə intellektual və əyləncəli proqramı tədbir iştirakçılarının marağına səbəb olub.

***

Sabirabad RMİ də aidiyyəti təşkilatlarla birlikdə “Əylənək, öyrənək, dincələk” devizi ilə “Yay məktəbi” təşkil edib. Layihənin məqsədi məktəblilərin yay tətilini səmərəli keçirməsinin istiqamətləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunun inkişafı, mədəni və intellektual səviyyəsinin formalaşmasıdır.

Hacıqabul rayon MKS-nin direktoru Dövran Həsənov tədbiri açaraq “Yay məktəbi”nin üzvlərinə uğurlar arzulayıb. Sonra musiqi nömrələri  təqdim olunub. Sonda Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib.

N.Məmmədli