İsmayıllı RMİ Qəbələ rayon Mədəniyyət Mərkəzinin Cığatelli kənd Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Gülbuta” folklor qrupu tərəfindən “Xan qızı Natəvan poeziyası” adlı tədbir keçirilib. Görkəmli şairənin 190 illiyinə həsr olunan tədbirdə Xurşidbanu Natəvanın həyat və  yaradıcılığı haqqında məlumat verilib, poeziyasından nümunələr səsləndirilib.

***

Kürdəmir RMİ Kürdəmir rayon Heydər Əliyev Mərkəzində regional idarənin yanında fəaliyyət göstərən Mədəniyyət şurasının iclası keçirilib. İclasda şura üzvləri, rayon nümayəndələri, müəssisə rəhbərləri iştirak ediblər.

***

Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzində təqaüddə olan mədəniyyət işçiləri ilə “Nəsillərin görüşü” adlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Jalə Əhmədova, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Biləsuvar RMİ-nin rəisi Əlisultan Sadıxov və digərləri çıxış ediblər. Sonda Salyanın mədəni həyatını və incəsənət uğurlarını əks etdirən film nümayiş olunub.

***

Lənkəran RMİ Astara rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə səyyar kitabxana xidməti təşkil edilib. Xidmət zamanı tarixə, milli-mənəvi dəyərlərimizə, bədii ədəbiyyatımıza, mədəniyyətimizə dair kitablar nümayiş olunub.

***

Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasında “Cəsur və fədakar Azərbaycan polisi” mövzusunda tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Əlhəddin Nəzərovun çıxışı dinlənilib.

***

Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzində 2 iyul – Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə “Əsl Azərbaycan polisi necə olmalıdır?”, “Polisin həyatımızda nə kimi rolu var?” və s. suallar ətrafında gənclərlə diskussiya aparılıb.

***

Şəki RMİ-nin rəisi vəzifəsini icra edən Tərlan Nəsibov Şəki şəhər MKS-nin və filiallarının əməkdaşları ilə görüş keçirib. Görüşdə iclas iştirakçılarının problemləri və təklifləri dinlənilərək onların icrası üçün lazımi qeydlər götürülüb.

Qax rayon MKS-nin şəhər 1 saylı kitabxana filialı “O kimdir? adlı əyləncəli viktorina təşkil edib. Viktorinada məktəblilər üç komanda şəklində iştirak ediblər. “O kimdir?” rubrikasında onlara müdriklərdən kəlamlar, tapmacalar, uşaqlar üçün yazılmış şeir və hekayələrin müəllifləri və nitq inkişafını formalaşdıran əyləncəli, məntiqli suallar təqdim olunub.

***

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı tədbir keçirilib. Çıxışlarda sağlam həyat tərzinin cəmiyyətdə, xüsusilə gənclər arasında təbliği üçün yeniyetmə və gənclər arasında bəşəri bəlaya qarşı düzgün maarifləndirici tədbirlərin intensiv hal almasının zəruriliyi bildirilib.

Tovuz rayon MKS-nin Uşaq kitabxanasında yay tətili ərzində ödənişsiz və könüllü əsaslarla “Kitab sənin ilk dostundur” adlı “Yay məktəbi” təşkil edilib. Aksiyanın məqsədi oxucuların mütaliə bacarıqlarının möhkəmləndirilməsi, elmi inkişaflarının ümumiləşdirilməsidir.

***

Gəncə RMİ Kəlbəcər rayon MKS-nin Uşaq şöbəsi uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların kitaba maraqlarını artırmaq məqsədilə Kəlbəcər rayon Mədəniyyət Sarayının həyətində kitab sərgisi təşkil edib.

***

Gəncə RMİ, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və “Cavad xan” Tarix-Mədəniyyət Fondunun təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında yazıçı-dramaturq, Əməkdar jurnalist Nüşabə Məmmədlinin yaradıcılıq gecəsi keçirilib.

Şəhərin icra başçısı Niyazi Bayramov çıxış edərək dövlət tərəfindən ölkəmizdə, eləcə də Gəncədə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb. Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk və digər qonaqlar Nüşabə Məmmədlinin həyat və yaradıcılığından danışıblar.

Gəncənin ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə yazıçı-dramaturqa şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi və “Cavad xan” Tarix-Mədəniyyət Fondunun təsis etdiyi “Cavad xan” ordeni təqdim edilib.

Filarmoniya solistlərinin konsert proqramı ilə davam edən tədbirin sonunda Nüşabə Məmmədli yaradıcılıq gecəsinin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

***

Bərdə RMİ-nin təşkilatçılığı ilə Tərtər rayon Heydər Əliyev adına istirahət parkında yaradıcı gənclərlə yerli şairlərin görüşü keçirilib. Görüşdə mədəniyyət işçiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri, müxtəlif təşkilatlarda çalışan yaradıcı gənclər iştirak ediblər.

RMİ-nin rəisi Vəsilə Möhsümova bildirib ki, belə görüşlər gənclərin bədii ədəbiyyata marağının artırılmasına, insanların asudə vaxtlarının səmərəli keçməsinə xidmət edir.

Şairlər şeirlərini oxuyub, “Qarabağ” rəqs qrupu və gənc ifaçıların musiqi nömrələri tamaşaçılarda xoş ovqat yaradıb. Tədbirdə yaradıcı gənclərin əl işləri də nümayiş olunub.

Nurəddin Məmmədli