“Şuşa İli” ilə bağlı Mədəniyyət Nazirliyinin təşkil etdiyi muğam festivalında I yerin qaliblərindən – Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin şagirdi Əli Ağazadə, eləcə də şagirdin müəllimi Səməd Səmədov Sabirabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib. Mərasimdə çıxış edən RMİ-nin rəisi Fərid Qurbanzadə və başqaları müsabiqənin əhəmiyyətindən danışıb, Sabirabadı təmsil edən şagirdin qalib gəlməsini önəmli hadisə kimi qiymətləndiriblər.

***

Gəncə RMİ Naftalan şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi və şəhər Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Gəncə RMİ-nin rəisi Vasif Cənnətovun da iştirak etdiyi tədbirdə məktəbin şagird və müəllimlərindən ibarət xor kollektivinin ifasında bəstəkar mahnıları alqışlarla qarşılanıb.

***

Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Şabran rayon Mədəniyyət Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı – Şuşa” mövzusunda regional tədbir keçirilib. İlk olaraq açıq səma altında təşkil edilmiş kitab, rəsm və dekorativ-tətbiqi sənət, o cümlədən mətbəx nümunələrinin sərgisinə baxış keçirilib. RMİ-nin rəisi Vüsal Hüseynov çıxışında qeyd edib ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan Şuşa yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi-mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Tədbir regionda fəaliyyət göstərən xalq teatrı və dram dərnəklərinin, folklor və musiqi kollektivlərinin çıxışları ilə davam edib.

***

Şəmkir RMİ-nin Daşkəsən rayonu üzrə nümayəndəliyinin təşəbbüsü, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə gənc şair Etibar Həsənzadənin “Şuşa – Zəfərin zirvəsi” adlı videokompozisiyasının təqdimatı keçirilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev gənc yazarın yaradıcılıq fəaliyyətindən danışıb, ona gələcək işlərində uğurlar arzulayıb. Daha sonra “Şuşa – Zəfərin zirvəsi” videokompozisiyası nümayiş olunub. Məktəblilərin ifasında şairin “Şuşam”, “Bayrağım”, ”Azərbaycan” şeirləri səsləndirilib.

N.Məmmədli