Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

607 il əvvəl...

6 iyul 1415-ci ildə Avropanın məşhur mütəfəkkiri, Çexiya Reformasiyasının ideoloqu Yan Qus (1377-1415) tonqalda yandırılıb. Katolik kilsəsində islahatların tərəfdarı kimi çıxış edən və xalq kütlələrinin sevimlisinə çevrilən Y.Qus Vatikanın qəzəbinə tuş gəlmişdi. O, əvvəlcə zindana atıldı, katolik din rəhbərlərinin baxışlarını dəyişmək barədə tələbindən boyun qaçırdıqdan sonra isə barəsində ölüm qərarı çıxarıldı.

 

211 il əvvəl...

5 iyul 1811-ci ildə Venesuela Latın Amerikasındakı İspaniya müstəmləkələri içərisində birinci olaraq müstəqilliyini elan edib. Paytaxt Karakasda Simon Bolivar və Fransisk de Marandanın təşəbbüsü ilə çağırılan konqresdə ölkənin konstitusiyası hazırlanıb. Lakin ölkə gerçək müstəqilliyini əldə etmək üçün 15 il İspaniya hökmranlığına qarşı müharibə aparmalı oldu, 1830-cu ildə Venesuela Respublikası elan edildi.

 

123 il əvvəl...

7 iyul 1899-cu ildə ABŞ Havay adalarını işğal edib. Sakit okeandakı arxipelaq əvvəlcə İspaniyanın, sonra isə Britaniyanın nəzarətində olmuşdu. Havay adaları ştat statusu ilə ABŞ-a birləşdirildi.

 

101 il əvvəl...

5 iyul 1921-ci ildə Rusiya Kommunist (bolşevik) Partiyası Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə büroda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsinə çalışsalar da, N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bunun qarşısı alınmışdı. Bununla belə, Qafqaz Bürosunun qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu.

 

99 il əvvəl...

7 iyul 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib. Sənəddə bu addımın azərbaycanlı və erməni xalqları arasında “beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə” xidmət edəcəyi vurğulanırdı. Dekret Rusiya K(b)P-nin Qafqaz Bürosunun iki il əvvəl qəbul etdiyi tövsiyə qərarına əsasən verilmişdi. Həmin qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-nin dekretində vilayətin mərkəzi kimi Xankəndi qəsəbəsi seçilmişdi. DQMV bölgədə erməni separatçılığının və Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının hərbi münaqişəyə keçməsindən sonra, 1991-ci ilin 26 noyabrında Azərbaycan Ali Soveti tərəfindən ləğv edildi.

 

85 il əvvəl...

7 iyul 1937-ci ildə Yaponiya Çinlə müharibəyə başlayıb. 1936-cı ildə Mancuriyanı (Şimali Çin) işğal edən Yaponiyanın məqsədi Çini bütünlüklə özünə tabe etdirmək idi. Sayı 3 milyona çatan, lakin pis silahlanmış Çin qoşunları 400 minlik Yaponiya ordusuna məğlub oldu. Yalnız 1945-ci ilin yayında SSRİ qoşunları Yaponiyanın Çin ərazisindəki Kvantun ordusunu məğlub etdi və ölkə yapon hökmranlığından xilas oldu.

 

79 il əvvəl...

5 iyul 1943-cü ildə II Dünya müharibəsində həlledici mərhələlərdən olan Kursk döyüşü başlayıb. Hitler tərəfindən təsdiqlənən “Qala” adlı hücum planının icrasına faşistlərin elit qüvvələri, o cümlədən böyük tank qoşunları cəlb olunmuşdu. Avqustun 23-dək sürən döyüş almanların məğlubiyyəti ilə nəticələndi. Faşistlər 500 min nəfərədək canlı qüvvə itirmişdi.

 

47 il əvvəl...

6 iyul 1975-ci ildə Hind okeanındakı (Afrikanın şərqində) Qəmər adaları Federativ İslam Respublikası kimi müstəqilliyini elan edib.  2002-ci ildən Qəmər Adaları İttifaqı adlanır. Qəmər adaları XIX əsrin sonundan Fransanın nəzarətinə keçmişdi. Ərazisi 2,2 min kvadrat kilometr, 900 min nəfərə çatan (2010) əhalisinin əksəriyyəti (antaloatra xalqı) müsəlmandır.

 

44 il əvvəl...

7 iyul 1978-ci ildə Britaniyanın Okeaniyadakı müstəmləkəsi olan Solomon adaları müstəqillik əldə edib.

 

20 il əvvəl...

5 iyul 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövlətinin xaricdəki soydaşlarla əlaqələrini tənzimləyəcək qurum – Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli fərmanı ilə qurum Diasporla İş üzrə Dövlət Komitəsinə çevrilib.

Hazırladı: V.Orxan