Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə işi təqdim olunub. Kuklaçılar bu dəfə uşaqların sevimli yazıçısı Hans Xristian Andersenin məşhur “Düyməcik” nağılına müraciət ediblər.

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə, şeirlərin müəllifi Sevinc Nuruqızıdır.

Musiqili nağıl-tamaşada rolları Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Samirə Nəcəfova, Nərmin Əhmədova, Yasin Abbasov və Ramiz Qəmbərov ifa edirlər.

Açıq kukla idarəetmə texnikasından istifadə edilməklə hazırlanan (tamaşada əsas oyun canlı plan üzərindən təqdim olunur) nümunədə fərqli plan və forma seçilərək animasiya ilə klassik kukla estetikasının vəhdətinə nail olunub. Tamaşada pantomima oyun texnikasına da yer verilib.