Azərbaycan Dövlət Yuğ Teatrına yeni baş rejissor təyinatı olub. Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə bu vəzifəyə indiyədək Yuğ səhnəsində bir sıra tamaşalara quruluş vermiş rejissor Mikayıl Mikayılov təyin edilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iyunun 30-da Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və sektorun əməkdaşı Günay Hümbətovanın iştirakı ilə yeni baş rejissor kollektivə təqdim edilib.

Fərəh Acalova çıxış edərək bildirib ki, Mikayıl Mikayılov Yuğ Teatrının ənənələrinə yaxından bələd olan, bu teatrda formalaşan rejissordur. Ustad sənətkar Vaqif İbrahimoğlunun yetirməsidən M.Mikayılov həm Azərbaycanın müxtəlif teatrlarında, həm də ölkə hüdudlarından kənarda tamaşalar hazırlayıb. Şöbə müdiri qeyd edib ki, Yuğ Azərbaycan teatr məkanında məxsusi yeri olan sənət ocaqlarındandır və Mədəniyyət Nazirliyi teatrın inkişafına dəstək olmaq üçün mümkün addımları atır. Teatrın bina probleminin həll edilməsi də nazirliyin gündəliyində duran məsələlərdəndir. 

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov Mikayıl Mikayılovu yeni təyinat münasibətilə təbrik edib və qarşıda teatrı daha böyük yaradıcılıq uğurlarının gözlədiyinə inamını bildirib.

Sonda çıxış edən yeni baş rejissor etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edib və doğma teatrının yeni inkişaf yoluna qədəm qoyması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Qeyd edək ki, Mikayıl Mikayılov 1981-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr rejissoru ixtisasında bakalavr və magistr pillələri üzrə ali təhsil alıb. 1999-cu ildə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayıb, 2005-ci ildən Yuğ Teatrında rejissor kimi çalışır. Rejissor həmçinin Akademik Milli Dram Teatrında, Akademik Musiqili Teatrda, habelə Qazaxıstanın Karaqanda vilayətinin K.S.Stanislavski adına Dövlət Rus Dram Teatrında, Rusiyada (“Anqajament” və “Krasnıy fakel” teatrları), Rumıniyada (“Marin Sorescu” teatrı) tamaşalar hazırlayıb. Adolf Şapiro, Kama Ginkas, Kiril Serebrennikov, Deklan Donellan, Yoşi Oyda, Aleksey Borodin, Sergey Jenovaç kimi məşhur teatr mütəxəssislərinin ustad dərslərində olub. 2009-cu ildə Çexiyada birillik təcrübə keçib.