Kanadalı rəssam azərbaycanlı həmkarları ilə ölkəmizin səkkiz guşəsində rəsmlər çəkib

 

Əcnəbi, tanımadığınız birini evinizə, xatirələrinizə aparmaq necə hissdir? Milli Azərbaycan Tarixi Muzeyində açılan “Məni evinə apar” adlı sərgi də məhz bu ideyadan yaranıb.

İyulun 1-də Milli Azərbaycan Tarixi Muzeyində kanadalı rəssam Kristian Frederiksenin (Christian Frederiksen) “Məni evinə apar” rəsm sərgisinin açılış mərasimi keçirildi. Sərgi muzeylə “Mincə sənət” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə gerçəkləşir.

Sərginin həm də kuratoru olan Kristian Frederiksen qeyd etdi ki, sərginin məqsədi mədəniyyətlərarası birgə təcrübə mübadiləsidir. Bildirildi ki, səkkiz azərbaycanlı rəssam – Ramiz Abbasov (Şuşa), Reyhan Aslanova (Bakı), Fidan Hümbətli (Ağstafa), Vüsalə Ağaraziyeva (Bakı), Vüsal Rahim (Gəncə), Yusif Mirzə (Laçın), Şafiq Osmanov (Qusar) və Tural Moyufov (Şəki) kanadalı rəssamla doğulduqları məkanlara birlikdə səyahət ediblər. Onlar gəzdikləri məkanları özünəməxsus şəkildə kətana köçürüblər.

Sərginin konsepsiyası “Ev danışmağı, yeriməyi öyrəndiyiniz, ilk sualları soruşduğunuz, şəxsiyyət kimi formalaşdığınız yerdir. Ev müəyyən mühakimələr və ya gözləntilər olmadan mövcud olduğunuz həssas məkandır. Azərbaycan özünəməxsus qonaqpərvərliyi və yad insanlara qarşı isti münasibəti ilə tanınır” düşüncəsinə əsaslanır.

“Mincə sənət” İncəsənət Qalereyasının rəhbəri Fidan Bədəlova sərgidə nümayiş olunan, ailə, məkan, adət-ənənə və xüsusilə qayıdış mövzuları öz əksini tapan 20 əsərdə Azərbaycanın səkkiz məkanının iki fərqli mənzərəsinin təsvir olunduğunu qeyd etdi.

Azərbaycanlı rəssamların və Kristian Frederiksenin yan-yana yerləşdirilmiş əsərlərini seyr və müqayisə etmək ziyarətçilərdə maraq doğururdu.

Kristian Frederiksen müsahibəsində bildirdi ki, Azərbaycanda onun diqqətini çəkən və çox bəyəndiyi məqam insanların qonaqpərvərliyidir. Günün istənilən saatında hər kəs səni evinə dəvət etməyə hazırdır: “Bölüşməyi, yardım etməyi sevən insanlarınız var. Layihənin ideyası ilə əlaqədar Azərbaycandan istedadlı rəssamlarla tanış oldum. Onlarla birgə çalışmaq çox xoş oldu. Birgə işləmək həm də təcrübə baxımından maraqlı idi”.

Ailə, məkan və xüsusilə də qayıdış. Tabloları seyr etdikcə bu mövzulara fərqli baxışlar həm rənglərdə, həm də duyğularda aydın sezilirdi. Məsələn, azərbaycanlı rəssam Şuşanı quşların simfoniyasında təsvir etmişdisə, kanadalı rəssam mədəniyyət paytaxtımızı qala-şəhər kimi görmüşdü. Dərin müşahidə əsasında çəkilən əsərlərdə Azərbaycanın tanış məkanlarına fərqli baxış bucağından yanaşılması ön planda aydın hiss olunurdu. Bayılın görünən mənzərəsi və görünməyən neft qoxan aurası buna bariz misal ola bilər. Rəssamların daxili dünyası, fərqli janrlara müraciəti, rənglərin simfoniyası, mənzərə və təbiətin harmoniyası iki fərqli düşüncəli ölkənin insanlarını bir araya gətirərək tablolarda təsvirin ruhunu və ətrini duymağa imkan yaratdı.

8 iyul tarixinədək davam edəcək sərgiyə giriş sərbəstdir.

L.Azəri