Filarmoniyada yeniyetmə və gənc solistlərin iştirakı ilə konsert

 

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında iyulun 2-də “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert keçirildi.

Musiqi axşamında F.Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiətində yeniyetmə və gənc solistlərin ifalarından ibarət rəngarəng proqram tərtib edilmişdi.

Konserti idarə edən orkestrin dirijoru, Əməkdar artist İlahə Hüseynova filarmoniyanın layihəsini yüksək qiymətləndirdi. “Sevindirici haldır ki, gənc istedadlarımızın özünü ifadəsi üçün belə bir imkan yaradılıb. Onlar səhnədə öz istedadlarını tamaşaçılarla paylaşacaqlar. Biz də əlimizdən gələni edirik ki, onlara dəstək olaq. Yaradıcılıq yollarında irəliyə doğru bir addım atmalarında əməyimiz varsa, nə xoş bizlərə. Konsertdə həm paytaxtın musiqi məktəblərindən, həm də regionlardan gələnlər var”, – deyə İ.Hüseynova bildirdi.

Konsert proqramında tar, qarmon, kamança və digər musiqi alətlərində məharətlərini göstərən gənc istedadlar Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət gözəl bir musiqi çələngi bəxş etdilər. Üzeyir bəyin “Cəngi”si ilə başlanan konsert Həsən Rzayevin “Rapsodiyası” ilə tamamlandı. Respublika və beynəlxalq müsabiqələr laureatları olan Anatollu Abbasov, Yaqub Mustafayev, Abid Çələbi, Mirnofəl Həsənov, Azad Sübhani, Yusif Əliyev, Tuncay Əşrəfli (hamısı tar), Həkimə Məmmədzadə (kamança), Şahbaz Abbaszadə (qarmon), Nur Cəfərli (fortepiano), Aytac Verdiyeva (kamança), Məhəmməd Balayev (vokal) və Gülyaz Həsənzadənin (xanəndə) çıxışları tamaşaçıların böyük alqışları ilə qarşılandı. Bu alqışlar sənətdə ilk addımlarını atan istedadlar üçün dəstək və gələcəyə inam kimi əhəmiyyətlidir.

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və tanınmış musiqiçilərin qarşısında çıxış etmək uşaq və gənclər üçün, sözsüz ki, məsuliyyət idi. İfalar onların bu konsertə böyük zəhmət və məsuliyyətlə hazırlaşdıqlarını nümayiş etdirirdi.

Lalə