İyulun 6-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovanın muzeyin Şuşa filialına hədiyyə etdiyi “Ləmpə” xalçasının təqdimatı keçiriləcək.

Muzeydən bildirilib ki, sənət nümunəsi 1930-cu illərdə Şuşada toxunub. Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunurdu. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb.

“Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.

“Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə Xalça Muzeyinə müxtəlif təşkilatlar, o cümlədən Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, eləcə də azərbaycanlı və əcnəbi xarici xeyriyyəçilər, kolleksiyaçılar  tərəfindən xalçalar hədiyyə edilib. “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi muzeyin Şuşa filialının kolleksiyasını zənginləşdirəcək.