Azərbaycanın tanınmış fotoqraflarının çəkdikləri şəkillər Tbilisidə açılan “Ground Zero” adlı fotosərgidə nümayiş olunur.

Sərgi İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə “Cənubi Qafqazda sənədli fotoqrafiya” layihəsi çərçivəsində Gürcüstanın Sənədli Fotoqraflar Assosiasiyası və “Adjara Group” şirkətinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları və ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.

Səfir Azərbaycan fotoqrafları Fəxriyyə Məmmədova, Zaur Mirzəyev, Sitarə İbrahimbəyli, Emil Xəlilov, İlqar Cəfərov, Sevinc Pirizadeh-Aslanova, Əli Rza, Nina Sevnyova, İlkin Yaqubov və Elşən Babanın əsərlərinə baxıb, onların Tbilisidə nümayiş etdirilməsini yüksək qiymətləndirib. 

Sərgidə AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı, məcburi köçkünlərin həyatından bəhs edən fotoları da nümayiş etdirilir.

Gürcüstanda yaşayan soydaşımız Şahvələd Ayvazova (Şah Ayvazov) məxsus tarixi fotolar da sərgidə yer alıb.

Sərgidə Azərbaycan, Ermənistan və Gürcüstan fotoqraflarının ümumilikdə 300 şəkli yer alıb. Təşkilatçıların bildirdiyinə görə, tədbirin məqsədi Cənubi Qafqazda hazırkı vəziyyəti əks etdirməkdir.

Ermənistan fotoqrafları bu dəfədə də öz məkrli əməllərindən əl çəkməyiblər. Onların bəzi fotolarında Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinə kölgə salmağa yönəlmiş yazıları, bəzilərində isə Azərbaycan ərazilərinin erməni adı ilə verilməsi və s. kimi təxribatçı əməllər olub.

Azərbaycanın Gürcüstandakı Səfirliyi dərhal məsələyə müdaxilə edib və Ermənistan fotoqraflarının riyakarlığının qarşısını alıb. Səfirliyin reaksiyasından sonra ermənilərin təxribatçı mətnlərinin olduğu lövhələr sərgi zalından yığışdırılıb.