Bu il görkəmli şərqşünas və maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazımbəyin (1802-1870) anadan olmasının 220-ci ildönümüdür.

Rus şərqşünaslıq elminin banilərindən biri olan Mirzə Kazımbəy Peterburq Universiteti Şərq dilləri fakültəsinin ilk dekanı, eyni zamanda Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü olub.

Azərbaycan Milli Kitabxanası şərqşünas alimin 220 illiyi münasibətilə virtual sərgini istifadəçilərə təqdim edib.

Kitabxanadan  bildirilib ki, virtual sərgidə fotolar, Mirzə Kazımbəyin müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

***

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu isə sentyabrın 20-də Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar beynəlxalq elmi konfrans keçirəcək.

İnstitutdan verilən məlumata görə, “Mirzə Kazımbəy – 220” mövzusunda beynəlxalq elmi konfransa tezis qəbulu davam edir. Tezislər Azərbaycan, türk, rus, ingilis, ərəb və fars dillərində iyulun 30-dək qəbul edilir. İştirak etmək istəyənlər tezisləri mirzakazim220@mail.ru ünvanına göndərməlidirlər.

Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumat Şərqşünaslıq İnstitutunun saytında yerləşdirilib.