Klassik musiqi populyar musiqidən başqa kodlarla oxunur və burada düşüncə prosesi mühüm rol oynayır. Bu kodlar kainatın qanunlarını ehtiva edir və səmimi arzu, sevgi olmadan bu şifrləri oxumaq çətindir.

Bu fikirləri Rusiyada yaşayan soydaşımız, istedadlı gənc pianoçu və bəstəkar Riad Məmmədov “Qazeta.ru” saytına müsahibəsində deyib.

Musiqiçi rəssam ailəsində böyüməsi və sənət aləminin ona təsirindən söz açıb. O, yaxşı müəllimlə rastlaşıb dost olmağı hər bir musiqiçi üçün xoşbəxtlik və şans kimi dəyərləndirib.

Günümüzdə klassik musiqiyə maraq haqqında düşüncəsini bölüşən pianoçu deyib ki, hər şeydən əvvəl onu sevmək vacibdir. Dinləmək bacarığı isə zamanla gəlir. Musiqi ruhu sağaldır, çünki ilk növbədə hisslərə nüfuz edir.

Musiqi janrlarının inteqrasiyasından danışan Riad Məmmədov deyib: “Bu proses çox çətin və mənim elmi araşdırmalarımın mövzusudur. Burada “eksperiment” sözü uyğun deyil, çünki janrların sintezindən söhbət gedəndə qarşımıza düzgün həll edilməsi vacib olan bir sıra vəzifələr düşür. Bir musiqiçi və musiqişünas kimi əsrlərin və ənənələrin bir-biri ilə necə iç-içə olması və gələcəyi keçmişdə necə axtara biləcəyimizi düşünmək çox maraqlıdır. Nizami, Füzuli və başqa şairlərin lirikasında bu gün haqqında danışdığımız, bizi daim narahat edən bir çox məqama rast gələcəyik: ilk növbədə sevgi və onun haqqında fikirlərə...”.

Səsin enerjisi məsələsindən də söz açan ifaçı bildirib ki, səs mənəvi enerji daşıyıcısıdır. Ona görə də bu enerjinin ötürülməsi imkanları vacib əhəmiyyət kəsb edir.

Repertuarındakı “Əzizəni gözləyirəm” (Vaqif Mustafazadənin məşhur əsəri – red.) caz-muğam kompozisiyası barədə də danışan musiqiçi deyib ki, elmi marağı simfonik muğam və muğam operasını da əhatə edir. “Caz-muğama gəlincə isə, bütün uşaqlığım Bakıda, caz şəhərində keçdiyi üçün mənə təsirsiz ötüşməyib. Muğam və caz improvizasiya janrlarıdır, burada çoxlu kəsişmə nöqtələri var”, – deyə o bildirib.

Hazırladı: Lalə