İyulun 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Musiqi Həvəskarları Klubu”nda caz ifaçısı Tünzalə Qəhrəman ilə görüş keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq qonağı  görüş iştirakçılarına təqdim edib.

Sonra Tünzalə Qəhrəman caz sənətində ilk addımları, uğurları, həyat yolu haqqında danışıb, musiqi nömrələri ifa edib, klub üzvlərinin suallarını cavablandırıb. Onun çıxışı musiqi fəaliyyətini əks etdirən videoslaydla müşayiət olunub.

Sonda prodüser Rafiq İmanov cazsevərlər adından Tünzalə Qəhrəmana təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb.

Tünzalə Qəhrəman Bakıda anadan olub. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib, uzun illər Elmlər Akademiyasında elmi işçi kimi çalışıb, müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub.

O, bilavasitə professional musiqi sahəsində işləməsə də, 1969, 1977, 1978, 1979-cu illərdə bir neçə dəfə Bakıda keçirilmiş “Qızıl payız” müsabiqəsində mükafat qazanıb, Xarici Dillər İnstitutunda “Ekspress-118”, Elmlər Akademiyası nəzdində “Rast” ansambllarının solisti olub. Keçən il Moskva şəhərində keçirilən “Qolos-60+” müsabiqəsində 73 yaşlı iştirakçı öz ifası ilə hər kəsi heyran edib.