Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Dəyirmi masa” layihəsi Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarının sənət və həyat yoluna işıq salmaqda davam edir.

İyulun 12-də layihənin növbəti təqdimatı Azərbaycanın ilk qadın pianoçularından, 1938-ci ildə əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırılaraq güllələnmiş Xədicə Qayıbovaya (1893-1938) həsr edilmişdi.

Layihənin koordinatoru Gülhüseyn Kazımlı diqqətə çatdırdı ki, Xədicə Qayıbovanın həyatı repressiya tarixinə yazılsa da, onun adı musiqi sənəti tariximizdə yaşayır. Magistr işini pianoçunun yaradıcılığına həsr edən musiqişünas Məryəm Hüseynova maraqlı faktlar aşkarlayıb.

Məryəm Hüseynova bildirdi ki, muğamlarımızın fortepianoda ilk mahir ifaçısı kimi tanınan X.Qayıbovanın faciəli taleyi haqqında akademiklər Ziya Bünyadov, Rafael Hüseynov, professor Fərəh Əliyeva araşdırma aparıb, fikirlər söyləyiblər. Professor Fərəh Əliyeva “XX əsr Azərbaycan musiqi tarixi – totalitar zaman kəsiyində” məqaləsində XX əsrdə repressiyaya məruz qalan incəsənət, musiqi xadimlərindən söz açarkən Xədicə xanımın da taleyindən, onun xalq dastanları, mahnı və muğamlarının toplanması ilə məşğul olmaqla yanaşı, ictimai fəaliyyətindən də bəhs edir.

M.Hüseynova tədqiqat zamanı Bülbülün Ev-Muzeyində Xədicə Qayıbovanın ifalarını aşkara çıxardığını da qeyd etdi. Gələcəkdə bu ifanı rəqəmsal vasitələrə köçürüb ictimaiyyətə təqdim etmək istədiyini dedi.

Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə tələbəsi M.Hüseynovanın Xədicə Qayıbova ilə bağlı araşdırmasını yüksək qiymətləndirdi. Bildirdi ki, dissertasiyada Azərbaycanda fortepiano ifaçılığının inkişafında Xədicə Qayıbovanın rolu araşdırılıb, pedaqoji fəaliyyəti tədqiq olunub. Tanınmış fortepiano ifaçısı Rüxsarə Mirzəbəylinin (1909-1977) məhz Xədicə xanımın tələbəsi olması faktı da ilk dəfə bu tədqiqatda əksini tapıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Minəxanım Babayeva, tədqiqatçı Turan İbrahimov, yazıçı Kənan Hacı mövzu ilə bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında sovet repressiyasında 70 minə yaxın ziyalının həbs edilib güllələnməsindən bəhs edir. Onların arasında incəsənət xadimləri də vardı.

Qeyd olundu ki, Xədicə Qayıbova ifa tərzi ilə təkcə musiqi həvəskarlarını deyil, musiqidən uzaq adamları belə heyran qoyurmuş. Evinin qapısı musiqi salonu kimi yerli və əcnəbilər üçün daim açıq olub.

Sonda Xədicə Qayıbovanın nəticələri Nuridə Sultanova və Orxan Sultanov tədbirin təşkilinə görə BMM-ə minnətdarlıqlarını ifadə etdilər, Məryəm Hüseynovaya yeni ifanın aşkar edilməsinə görə xüsusi təşəkkürlərini çatdırdılar.

Bədii hissədə BMM-in solistləri Rəvanə Qurbanova və Elgiz Əliyevin ifasında xalq mahnıları və muğamlarımızdan parçalar təqdim edildi. Xanəndələri mərkəzin solistləri Rövşən Qurbanov (tar), Təbriz Yusifov (kamança), Rəfael Əsgərov (balaban) və Amil Mustafayev (nağara) müşayiət edirdi.

L.Azəri